Azərbaycanla Meksika arasında əməkdaşlıq mədəniyyət, turizm, ticarət kimi sahələrdə uğurla inkişaf edir.
Bu barədə jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.
“Təkcə 2017-2018-ci illərdə Azərbaycanın Meksikaya ixracı 12,4 faiz artıb. Bu gün Azərbaycanın pivə idxalının 12 faizi Meksikanın payına düşür“, – deyən səfir 2007-ci ildə Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın Azərbaycanda səfirliyi açılandan sonra iki ölkə arasında əlaqələr daha geniş vüsət aldığını qeyd edib.
“Ticarət əlaqələri 2017-ci ildə Azərbaycanın Meksikaya ilk ticarət missiyası təşkil edilməsilə inkişaf etməyə başlayıb. Cari ildə Meksikanın Azərbaycanda üçüncü ticarət missiyası təşkil olunub. Azərbaycan iş adamları ilə iki müqavilə imzalanıb. Həmçinin 2018-ci ildə Bakıda keçirilən “Xəzər Neft və Qaz” Konfransında Meksika Neft İnstitutunun da nümayəndələri iştirak etmişdilər”, – deyən diplomat ikitərəfli əlaqələrin inkişafına 2017-ci ildə imzalanmış hökumətlərarası sazişin də xeyli təkan verdiyini diqqətə çatdırıb.