İyunun 14-də Meksika səfəri Qəbələdə səfərdə olub. Səfir ikitərəfli əməkdaşlığın perspektivlərini nəzərdən keçirmək məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı Meksika səfirini qəbul etməkdən məmnunluğunu ifadə edib.
O, səfirə rayon haqqında ümumi məlumat, onun iqtisadi və turistik potensialından xəbər verib. Həmçinin, qeyd edib ki, Qəbələ yerli və beynəlxalq tədbirlərin keçirməsi ilə daha da tanınıb.
Öz növbəsində, səfir Labardini Qəbələyə bir neçə dəfə müxtəlif məqsədlərlə gəldiyini vurğulayıb. Bu xüsusda, qeyd edib ki, buraya rəsmi səfərlər çərçivəsində, eyni zamanda, bu rayonda baş tutmuş mədəni tədbirlərdə Səfirliyin iştiraki ilə əlaqədar səfər edib. Meksikalı rəssam Marqarita Moralesin Qəbələdə keçirdiyi sərgisinin uğurunu bir daha yada salıb.
Bundan əlavə, tərəflər əlaqələrin genişlənməsi perspektivlərini nəzərdən keçiriblər. Qəbələnin turistik imkanlarını nəzərə alan səfir Labardini, Meksika ilə Azərbaycan arasında turizmin dinamik artımı barədə məlumat verib. Qeyd edib ki, son iki il ərzində Azərbaycandan Meksikaya üz tutan turistlərin sayı 20% artıb. Diplomat ikitərəfli münasibətlər üçün böyük imkanlar açan sahə olan turizmin böyük potensialından söz açıb.
Görüşdə, həmçinin, ölkənin regionlarında Meksika mədəniyyətini təşviq etmək məqsədilə, Səfirliyin bir sıra mədəni tədbirlərinin Qəbələdə mümkün həyata keçirilməsi müzakirə olunub.