Artıq 5 gündür Minskdəyik. Artıq 8 medalımız var. İlk 3 yarış gününə sığan bu qədər medalın 3-ü akrobatlardan ibarət Ruhidil Qurbanlı – Abdulla əl-Məşayxi duetindən gəlib. Eyni sayda medalı samboçular əldə edibsə, daha 2 medal cüdoçuların aktivinə yazılıb.
Lakin qızıl medal olmadıqca Azərbaycan ümumi sıralamada medal əyarında geriləyir. Bir qızıl medal vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Əslində belə şanslar ötən gün var idi. Əvvəlcə bu imkanı cüdoçu Rüstəm Orucov qazanmışdı.73 kq çəki dərəcəsində yer alan bayraqdarın finaldakı rəqibi elə də tanınmayan isveçli Tommi Masias idi. Artıq bu görüşədək eyni çəkidəki Hidayət Heydərov 51 saniyəyə gürcü Laşa Şavdatuaşvilinin kürəyini yerə vuraraq, bürünc medal əldə etmişdi. Bu isə zaldakı azərbaycanlı azarkeşlərin, eləcə də görüşləri izləməyə gələn gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və müxtəlif federasiyaların rəsmilərinin əhvalını xeyli yüksəltmişdi. Lakin Orucov hesabda öndə olduğu halda, öz səhvindən ipponla uduzdu. Bəlkə də arxayınlığın qurbanı oldu…
