Muzeylər hər bir xalqın tarixi, maddi və mənəvi dəyərlərini qoruyub saxlamaqla keçmişin müxtəlif dövrlərini özündə təcəssüm etdirən, əsrlərlə yaşanmış hadisələr barədə insanlarda təsəvvür yaradan maddi-mənəvi xəzinə sayılır. Dünyanın müxtəlif ölkələrində ədəbiyyat, tarix, incəsənət, musiqi, qoruq və digər mahiyyətli muzeylər mövcuddur. 1978-ci ildən etibarən YUNESKO-nun təşəbbüsü ilə 18 may “Beynəlxalq muzeylər günü” kimi qeyd olunur. Dünyanın ən çox ziyarət edilən muzeyləri Fransanın “Luvr” muzeyi, Böyük Britaniyadakı “Britaniya” və “London Milli Qalareyası” muzeyləridir.
Azərbaycanda da qədim zamanlardan kolleksiyaçılıq ənənələri olsa da, muzeyçilik fəaliyyəti nisbətən gec, yəni XIX-XX əsrlərin ayrıcında təşəkkül tapıb. Statistik göstəricilərə nəzər salsaq, əgər 1990-cı ildə Azərbaycanda 124 muzey fəaliyyət göstərirdisə, 2017-ci ildə bu rəqəm 238 olub. Eyni zamanda muzeylərə gələn ziyarətçilərin sayında da ildən-ilə artım qeydə alınıb. Belə ki, 2013-cü ildə ölkədaxili muzeyləri ziyarət edənlərin sayı 2 212 nəfər, 2014-cü ildə 2 531 nəfər, 2015-ci ildə 2 578 nəfər, 2016-cı ildə 2 697 nəfər, 2017-ci ildə isə 3 003 nəfər təşkil edib. Təbii ki, muzeylər hər ölkənin bir mənəvi xəzinəsi olmaqla yanaşı, eyni zamanda turistlərin üz tutduqları məkanlardan biri kimi iqtisadi cəhətdən də mühüm əhəmiyyətə malikdir.
“Report” Azərbaycanda yerləşən muzeylərdəki ümumi vəziyyəti, ziyarətçi sayını və qiymətləri araşdırıb.
Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylərə misal olaraq “Arxeologiya və Enoqrafiya muzeyi”, “Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi”, “Azərbaycan Geologiya Muzeyi”, “Azərbaycan İstiqlal Muzeyi”, “Azərbaycan Milli İncəsənət Muzeyi”, “Azərbaycan Respublikası Milli Təhsil Muzeyi”, “Milli Azərbaycan Tarixi Muzeyi”, “Azərbaycan Milli Xalça Muzeyi”, “Miniatür Kitab Muzeyi”, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”, “Azərbaycan Dövlət Teatr Muzeyi”, “Azərbaycan Təbabəti Muzeyi”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi” və digər muzeyləri göstərmək olar.
Muzeylərə gedən varmı?
Turizm mütəxəssisi Təranə Əliyevanın sözlərinə görə bəzi muzeylər istisna olmaqla, əksər muzeylərdə ziyarətçi sayı xeyli azdır:
““Azərbaycan Milli Xalça Muzeyi”nə gələnlərin sayı kifayət qədərdir. Ziyarətçi sayının nisbətən çox olduğu digər muzeylər isə “Milli Azərbaycan Tarixi Muzeyi”, “Azərbaycan Milli İncəsənət Muzeyi”, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”dir. Lakin digər muzeylərə gedənlərin sayı xeyli azdır.
Turizm şirkətləri muzeylərə turlar təklif etsələr də buna maraq göstərənlər çox olmur. Elə Azərbaycana gələn xarici turistlər də çox da məşhur olmayan muzeyləri ziyarət etməyə bir o qədər həvəsli olmurlar. Çünki onlar əksər halda maksimum 1 həftəlik gəlirlər və bu az müddəti Azərbaycanın məşhur yerlərini görməyə sərf etmək istəyirlər. Eyni sözü yerli turistlərə də şamil etmək olar.
