Azərbaycanda turizm ildən-ilə yüksələn xətlə inkişaf edir. Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir. Turizmə göstərilən diqqət və qayğı sayəsində Bakı şəhərində, Abşeron yarımadasında, regionlarımızda gözəl infrastruktur yaradılıb. Eyni zamanda, yeni otellər inşa olunub, yollar çəkilib, kommunal xidmətlər yüksək səviyyədədir. Bunun nəticəsində ölkəmizə gələn qonaqların sayı ildən-ilə artır.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları, mədəni tədbirlər, konqreslər, konfranslar, simpoziumlar, seminarlar ölkəmizə gələn turistlərin sayını artırır. “Ölkəmizdə bu sahədə püxtələşmiş kadrlar yetişir. Artıq qonaqlara yüksək səviyyədə xidmət etmək üçün bütün səviyyələrdə imkanlarımız və şəraitimiz var. Kadr hazırlığında da 2006-cı ildən fəaliyyət göstərən Turizm və Menecment Universiteti çox böyük rol oynayır, eyni zamanda Bakı Dövlət, Qərb, İqtisadiyyat universitetləri, peşə məktəbləri, kolleclər, mühüm əhəmiyyət kəsb edir. Buna görə də ildən-ilə ölkəmizə artan turist axını zamanı onlara yüksək səviyyədə xidmət göstərmək imkanlarımız çoxalır. Eyni zamanda, turizm şirkətləri yeni turizm marşrutları, proqramlar hazırlayır, yeni turizm növləri həyata keçirir. İnanıram ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə daha da çoxalacaq. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində göstərildiyi kimi 2020–ci ildə artıq hədəflər yerinə yetiriləcək. 2025-ci ildə isə Azərbaycan turistlərin qəbuluna görə dünyanın 20 ölkəsi sırasına çıxacaq”.
Ötən il turizmin qeyri-enerji sektorunda birinci yeri tutduğunu xatırladan Müzəffər Ağakərimov qeyd edib ki, turizm üzrə ölkəmizin bu cür inkişafı həm də turizm qurumlarının sərgilərdə, beynəlxalq tədbirlərdə, turizm üzrə keçirilən konfranslarda iştirakını vacib edir: “Çünki bu cür tədbirlər turizmin təbliğində mühüm rol oynayır. Həm yerli, həm də beynəlxalq sərgilərdə Azərbaycan turizm qurumlarının iştirakı ölkəmizə gələn turistlərin sayını daha da artırır”.
Müzəffər Ağakərimov bildirib ki, ölkəmizə gələn turistlərin sayının artmasında dövlətin böyük dəstəyi var. O, bu istiqamətdə viza rejiminin sadələşdirilməsinin ölkəmizə həm Yaxın Şərq, həm də Asiya ölkələrindən çoxlu sayda turistlərin gəlməsinə səbəb olduğunu vurğulayıb. Sədr müşaviri keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmizə gələn turistlərin sayının 2020-2021-ci illərdə daha da artacağını və bu rəqəmin 4 milyondan da çox olacağına inamını ifadə edib.