Mərakeş hökuməti COVID-19 pandemiyası səbəbindən yaranan böhran nəticəsində 2020-ci ildə iqtisadiyyatda 5,8 faiz geriləmə baş verəcəyini gözləyir.
AZƏRTAC xəbər verir ki, ölkənin İqtisadiyyat, Maliyyə və İnzibati islahatlar naziri Məhəmməd Bençaabun bu fikrini Nümayəndələr Palatasının maliyyə və iqtisadi inkişaf üzrə komitəsinin iclasında bəyan edib. 5,8 faiz həcmində iqtisadi geriləmə ÜDM-in təqribən 10 faiz aşağı düşməsinə gətirib çıxaracaq. Bu da 100 milyard dirhəm (təqribən 10 milyard dollar) təşkil edir. Lakin bu, Krallıqdakı epidemioloji vəziyyətin necə dəyişəcəyindən asılıdır.
Nazir qeyd edib ki, bir sıra turizm şəhərləri bu il yay mövsümündə zərərə düşdüyünə görə turizm sektorundan gəlirlər 50 faiz azalıb (gözlənilən 27 faiz əvəzinə).
Nəqliyyat sektorunda azalma gözlənilən 9,6 faiz əvəzinə 12 faizə bərabər olub, ticarət sektorunda geriləmə isə daha əvvəl gözlənilən 8 faizlə müqayisədə bu rəqəm 9,1 faiz təşkil edib.
İşsizlik səviyyəsinə gəlincə isə bu göstərici 13 faizə bərabərdir. M.Bençaabunun sözlərinə görə, işsizliyin artması əsasən koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, karantinin bir günü təqribən 10 min nəfər üçün iş yerinə təhlükə yaradır.