Gürcüstan ilə Azərbaycan beynəlxalq sərmayəçilər üçün cəlbedici ölkələrdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava sentyabrın 17-də jurnalistlərə müsahibəsində açıqlamasında deyib.
“Azərbaycana səfər müddətində ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığa dair məsələləri daha geniş müzakirə etmək imkanı əldə etdik. Gürcüstan və Azərbaycan bir sıra sahələr, o cümlədən siyasi, mədəniyyət və xüsusilə iqtisadi sahə üzrə ənənəvi strateji tərəfdaşlardır. Ölkələrimiz arasında ticarət dövriyyəsi getdikcə artır. Gürcüstan üçün Azərbaycan ənənəvi olaraq əsas 3 iqtisadi tərəfdaşlardan biridir. Həm idxal, həm də ixrac sahəsində artım tendensiyası müşahidə olunur. Eyni zamanda, Azərbaycan məhsullarının Gürcüstan bazarında, həm də gürcü məhsullarının Azərbaycan bazarında sayı artır. Gürcüstan hazırda öz bazarını liberallaşdırma istiqamətində aparır. Çox sevindirici haldır ki, bu istiqamətdə Azərbaycan Gürcüstanın ixracı üçün cazibədar bazarlardandır”, – deyə nazir bildirib.
N.Turnava deyib: “Bu gün müxtəlif sahələrdə strateji əməkdaşlığımızı genişləndirməyi müzakirə etdik. Burada əsas 4 istiqaməti vurğulamaq istərdim – birgə müəssisələr və investisiya, energetika, logistika və turizm. Gürcüstan və Azərbaycan beynəlxalq sərmayəçilər, yük axını üçün daha cəlbedici ölkələrdir. Bütün forumlarda və platformalarda nəqliyyat, logistika dəhlizinin əhəmiyyətini nümayiş etdirmək üçün bu ideyanı birgə təbliğ edəcəyimiz barədə razılıq əldə edilib. Enerji sektorunda çox yaxşı inkişaf müşahidə edirik. SOCAR Gürcüstanı təbii qazla təmin edən ənənəvi tərəfdaşımızdır. Son bir neçə ildə elektrik enerjisi və bərpaolunan enerji mənbələri sahəsində çox fəal əməkdaşlıq əlavə olunub. Bu istiqamətdə, xüsusilə bərpaolunan enerji sahəsində görüşlər və biznes forumların keçirilməsi planlaşdırılır. Gürcüstan su ehtiyatları ilə zəngindir. Su elektrik enerjisi sahəsində birgə əməkdaşlığı inkişaf etdirə bilərik, çünki Azərbaycan istilik enerjisinin inkişafında böyük təcrübəyə malikdir”.
Konteyner daşınması sahəsində çox müsbət artım dinamikası olduğunu deyən nazir qeyd edib ki, orta dəhliz layihəsini daha da cəlbedici və rəqabətli etmək çox vacibdir: “Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi var. Neft və qazın nəqli üzrə regional enerji layihələrində birgə iştirak edirik. Artıq buraya elektrik enerjisinin tranziti də əlavə olunur”.