Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin və muxtar respublikanın təhlükəsiz region kimi tanınması nəticəsində 2019-cu ildə qədim diyara ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415,9 min turist gəlib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2009-cu illə müqayisədə 84,1 faiz çoxdur.
Ötən müddət ərzində Naxçıvanda turizmin inkişafına yol açan bir sıra mühüm addımlar atılıb. Muxtar respublikanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri, Əlincəqala abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, mühüm müalicə yerləri – Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası turizmin inkişafına şərait yaradıb.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılıb, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində turizm və otelçilik ixtisaslarının açılıb. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd keçid rejiminin sadələşdirilməsi, beynəlxalq marşrutların təşkili turizmin inkişafını sürətləndirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığını təmin edib.
2019-cu ildə xarici ölkələrdə təşkil olunmuş turizm sərgilərində muxtar respublikanın turizm potensialı geniş şəkildə təbliğ edilib. Naxçıvan Muxtar Respublikasına 15 gün müddətinə səfər edən İran İslam Respublikası vətəndaşları üçün viza rejimi ləğv olunub.
Naxçıvan şəhərində “Saat Meydanı” turizm istirahət mərkəzi, Turizm Departamenti üçün inzibati bina istifadəyə verilib. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan haqqında danışılıb. Naxçıvan şəhərini səyahət edilməli olan 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil ediblər.
Muxtar respublikada turizmin əhəmiyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizminin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür”.
Turizmin inkişafı bu ilin ötən dövründə də diqqətdə saxlanılıb. Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi, Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin yaradılması hazırda davam etdirilir.
Muxtar respublikada ətraf mühitin qorunması istiqamətində görülən mühüm işlər, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yaradılan müasir şərait turizmin inkişafını daha da sürətləndirəcəkdir.