Son bir neçə ay ərzində Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı rekord həddə çatıb. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycandan qonşu ölkəyə 436 min 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin ümumi sayında azərbaycanlılar 19 faiz təşkil edib. Hələ ehtimal olunur ki, qarşıdakı dövrdə bu nəticə bir qədər də yüksələcək.
Qonşu ölkəyə üz tutan turistlərin əksəriyyəti isə dincəlməyə Batumini – Qara dənizin Las-Veqası adlandırılan qaynar, rəngarəng, qədim və eyni zamanda müasir şəhəri seçirlər. Qədim yunan koloniyası Batisin adı ilə bağlı olan bu əsrarəngiz şəhər tarixi boyu gah gürcü knyazlıqlarının, gah Osmanlı imeriyasının idarəsində olub, 1921-ci ildən isə Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Keçmiş SSRİ-də doğulanlar bu gözəl liman və kurort şəhərini yaxşı tanıyırlar. Hələ sovet dövründən Acarıstanın paytaxtına minlərlə turist axışırdı. İllər keçdi, şəhər yeni həyatına qədəm qoydu, Gürcüstanın vizit kartına çevrildi. Sözsüz ki, bu məqamda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin adını çəkməmək mümkün deyil. Şəhərin füsunkar görünüşünün, turizm imicinin formalaşmasında, bir sözlə, Batuminin görkəmindəki kardinal dəyişikliklərdə onun rolunu gürcülər də etiraf edirlər. Məhz Saakaşvili iqtidarı dövründə bu şəhərin aktiv piarı Gürcüstanı dünyaya tanıtdı, Batumini ölkənin yay paytaxtına çevirdi.
