Dünyada və Azərbaycana qonşu ölkələrdə koronavirusun yayılması Azərbaycana gələn turistlərin sayını kəskin azalda bilər. Bu barədə FED.az-a turizm sektoru üzrə ekspert, Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, qarşıda hələlik ən yaxın turizm tədbiri sayılan Novruz Bayramı ilə bağlı iranlı turistlərin Azərbaycana gəlməsi gözlənilir. Bununla bağlı bir neçə ay əvvəllər otellər də rezerv olunub, amma artıq qarşı tərəfdə müəyyən tərəddüdlər var: «Doğrudur, rezervlər ləğv edilməyib, çünki biz adətən depozitlə rezerv edirik. Amma artıq hiss olunur ki, qarşı tərəfdə narahatıq var. Hətta gəlmək istəsələr də, ola bilsin, iranlı turistlərin ölkəyə gətirilməsi ilə bağlı problem yaransın. Bu sərhədlərə nəzarət edən qurmların qərarlarından asılı olacaq». Qeyd edək ki, Novruz Bayramı günlərində Azərğaycana gələn xarici turistlərin yarıdan çoxu İran vətəndaşlarıdır. Ötən illə müqayisədə bu il onların sayının artacağı gözlənilirdi. C.Aşurovun sözlərinə görə, virusun təsiri ilə təkcə İranda və Azərbaycanla deyil, bütün ölkələrdə turizm sahəsində durğunluq müşahidə edilməyə başlayıb. «Artıq insanlar səyahət etməyə meylli deyillər və virus təhlükəsindən narahatdırlar». Ekspert bildirir ki, virusun təsiri özünü təkcə Novruz Bayramında deyil, Azərbaycanda keçirilən digər turizm tədbirində – o cümlədən «Formula-1» və «Euro-2020» matçlarında da göstərə bilər. Artıq həmin tədbirlərdə iştirakla bağlı da bəzi tərəddüdlər var.