“Hill + Knowlton” (H+K) qlobal kommunikasiya-konsaltinq şirkəti Azərbaycan Turizm Bürosu adından 12 dünya bazarında Azərbaycan turizminin təbliğatı ilə məşğul olacaq.
Bu barədə “PR Week” nəşrində məqalə dərc olunub.
Məqaləyə əsasən, “H+K” şirkəti Azərbaycan dövlət təşkilatı ilə əməkdaşlıq çərçivəsində potensial turistlərin “Azərbaycanın gizli incilərini özləri üçün kəşf etməsinə kömək göstərəcək”. “H+K” yeni brend strategiya əsasında Azərbaycan turizminin beynəlxalq nüfuzunu artırmağa xidmət edəcək. Şirkət 2023-cü ilə kimi Azərbaycana gələn turistlərin sayını iki dəfə artırmağı qarşıya məqsəd qoyub.
Agentlik bir neçə ay əvvəl (noyabrda) Londonda keçirilən Ümumdünya Turizm Bazarı (World Travel Market) sərgisində “Take Another Look” (Fərqli baxış) adlı altında yeni kampaniyanı işə salıb. Kampaniya Azərbaycanda qədim irslə müasirliyin möhtəşəm vəhdətini işıqlandırır, qlobal turizm mediası vasitəsilə burada turizm üçün unikal perspektivlərin olduğunu aşılayır.
“H+K” aparacağı təbliğatda hədəf bazarlarına iki mərkəzdən çıxacaq. Moskva habı (mərkəzi-qeyd) Avropa və Aralıq dənizi ölkələrinə baxacaq, Dubay habı isə Yaxın Şərq, Çin, o cümlədən, Mərkəzi və Cənub-şərqi Asiya ölkələrini ehtiva edəcək.
Bu ölkələrdə Azərbaycanın gəzməli-görməli yerləri, mədəni irsi, füsunkar təbiəti, kurort və spa imkanları təbliğ olunacaq.
“Azərbaycan dünyanın ən sürətlə inkişaf edən turizm istiqamətlərindən sayılır və biz həftənin yeddi günü, günün 24 saatı durmadan işlədiyimizə görə ölkənin turizmlə bağlı qlobal nüfuzunu artıracağıq”, – deyə Mayron Vasilik (PBN H+K-nin Rusiya, Ukrayna və MDB üzrə rəhbəri ) bildirib.