Azərbaycanda eko-parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına da imkan yaradacaq
Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq eko-parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.
Assosiasiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib. O cümlədən, ekoloqlar, torpaqşünaslar, hidroloqlar, coğrafiyaçılar, botaniklər, zooloqlar, iqlimşünaslar, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində eko-parkların yaradılması imkanlarını araşdırırlar. Bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər. AzETA-nın mütəxəssislərinin fikrincə, eko-parkların yaradılması nəticəsində açıq hava fəaliyyətlərinə qatılmaq arzusunda olan yerli və xarici turistlər, o cümlədən uşaqlar, yeniyetmələr və gənclər üçün heyvanlar və bitkilər aləmi ilə daha yaxından tanış olmaq, yaşlı nəslin nümayəndələri üçün istirahət imkanlarının yaradılması mümkün olacaq. Bunlarla yanaşı, eko-parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına da imkan yaradacaq”.
Açıq hava turizm fəaliyyətləri – piyada gəzintilər, velosiped gəzintiləri, pikniklər, dağa dırmanma, quşları və heyvanları izləmək, müxtəlif aqro təcrübələr, təbii və süni relyeflərdə müxtəlif rekreasiya və idman fəaliyyətləri turistlər və yerli əhali arasında populyarlıq qazanmaqdadır. İri şəhərlərin qeyri-qənaətbəxş ekoloji durumunu yaxşılaşdırmaq məqsədilə onların ərazilərində eko-parkların yaradılması bu işə xüsusi töhfə verir. Əhali arasında ekoloji mədəniyyətin artmasına və ekoturizm fəaliyyətlərinin genişlənməsinə yardımçı olur.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində eko-parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilir. Bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınır.
AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına töhfə vermək olur. Bu məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdır. Bu isə davamlı inkişafa səbəb olur.
AzETA 2019-cu ildə təsis edilib. Assosiasiyanın əsas məqsədi ölkədə ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən ibarətdir. O cümlədən Azərbaycanı yüksək ekoloji mədəniyyətə malik olan ölkələr sırasında hər zaman öndədir. Ən əsas cəhət fəaliyyətlərə dəstək vermək və yardımçı olmaqdır.