Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb. Mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün kiçik və orta biznesə (KOB) dəstək xidmətləri göstərməyə hazırdır.
Bu fikri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasındakı çıxışında bildirib.
Tədbirdə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Həmçinin KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb. Qeyd edilib ki, sağlamlıq turizmi üçün potensial olan regionlarda mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviqi, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına KOB-ların cəlb edilməsi agentliyin diqqət mərkəzindədir. Sağlamlıq turizmi sahəsində müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlığın qurulması da əhəmiyyətlidir. Bu baxımdan müvafiq sahədə dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması agentliyin fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, sağlamlıq turizm zonalarında ictimai-iaşə xidmətlərinin yaradılması və bu sahəyə investisiyaların yatırılması da sahibkarlar üçün əlverişli ola bilər.
Orxan Məmmədov sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artmasının ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.