2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11, 4 faiz artım deməkdir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir.
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib. Bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7 faiz artım hesab olunur.
Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3 faiz artım), Almaniya (20 min nəfər və ya 19.4 faiz artım), İtaliya (12 min nəfər və ya 10.8 faiz artım) və Fransadan (9 min nəfər və ya 15.2 faiz artım) təşkil edib.
Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8 faiz və 12.9 faiz artım qeydə alınıb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85 faiz artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26.1 faiz artaraq 47 min nəfər olub. Özbəkistandan gələnlərin sayı isə 28.3 faiz artaraq 23 min nəfərə çatıb.
Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17 faiz artım müşahidə edilib.
Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7 faiz artım göstərib.
Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4 faiz artım müşahidə olunub.
Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9 faiz, Ukrayna üzrə isə 2.4 faiz artım müşahidə edilib.