Ev Turizm Xəbərləri Ötən il təyyarələrin salonlarında 6,1 mln. ton tullantı yaranıb

Ötən il təyyarələrin salonlarında 6,1 mln. ton tullantı yaranıb

Təyyarələr

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, 2018-ci ildə təyyarələrin göyərtələrində təxminən 6,1 mln. ton tullantı əmələ gəlib. Əvvəlki ildə isə bu göstərici 2018-ci ilə nisbətən 7% az5,7 mln. ton olub.

“APA-Economics”in IATA-ya istinadən verdiyi məlumata görə, dünyada sərnişin axınının artması şəraitində avialaynerin salonunda əmələ gələn tullantıların həcmi əhəmiyyətli dərəcədə artacaq. Belə ki, aşağı büdcəli aviadaşıyıcıların sayı artdıqca və turizm inkişaf etdikcə növbəti onillikdə bu rəqəm iki dəfə artacağı proqnozlaşdırılır.

IATA tərəfindən keçirilmiş araşdırma onu göstərib ki, tullantıların 23%-dən çoxu istifadə olunmamış ərzaq və içki məhsullarından ibarətdir və bu da iaşə bazarında 15 mln. ABŞ dollarlıq itki deməkdir. Bundan əlavə, hər il təxminən 1,3 mlrd. ton ərzaq məhsulları sadəcə atılır ki, bu da bütün mövcud ərzaqların üçdə birini təşkil edir. Hesabata əsasən, qəzetlər, kağız qablar, plastik stəkan və çəngəl-bıçaqlar bortdakı tullantıların 17%-ni təşkil edir. Sərnişinlər həmçinin ədyal və yastıqlardan, birdəfəlik qulaqlıqlardan, eyni zamanda xırda tualet və kosmetik vasitələrdən qalan plastik qablaşdırmaları da təyyarədə qoyurlar.

IATA-da başqa bir problemin mövcudluğunu da qeyd ediblər – əksər hallarda təyyarənin salonundakı tullantıları sadəcə toplayıb və sonradan çeşidləyib və emal etmək mümkün olmur. Belə ki, bir çox ölkələrdə ciddi təhlükəsizlik və əməyin mühafizəsi qaydaları tətbiq olunduğu üçün bu, bir çox hallarda təyyarənin salonundakı tullantıları birbaşa olaraq tullantıların yandırılması zavodlarına göndərilir.

“Təyyarələrin salonlarında tullantı problemini həll etmək məqsədilə biz aviaşirkətlərə bir çox tövsiyələr verdmişik. Lakin aviaşirkətlər bu problemi özləri həll edə bilməzlər”, – deyə IATA-nın Aviasiya mühiti üzrə direktoru Maykl Gill bildirib.