Ev Turizm Xəbərləri Özbəkistanın Şərq nağılı

Özbəkistanın Şərq nağılı

Özbəkistan

Qədim Səmərqəndin küçələrində dolaşmaq, Daşkəndin Şərq bazarına baş çəkmək, Buxaradakı məscid və mədrəsələrin divarlarında naxışlara tamaşa etmək Özbəkistana səyahətə yollanan turistlərin hərəkət planlarının yalnız bir hissəsidir. AZƏRTAC RİA Novosti agentliyinə istinadla oxuculara ən ləziz plovun harada hazırlandığı, səhranın qızmar qumlarında hansı göldə çimmək və özünü əsl köçəri kimi hiss etmək barədə bəhs edəcək.

Özbəkistan

Daşkənd koloriti

Daşkənd, Buxara, Səmərqənd və Xivə Özbəkistana gələn turistlərin ənənəvi marşrutudur. Respublikanın Turizmin İnkişafı Komitəsinin müşaviri Bəhruz Həmzəyev sivilizasiyanın toxunmadığı bu rayonlardan danışıb. İslam memarlığının şedevrlərini öz gözləri ilə görmək üçün bu məkanlara daha çox turist gəlir.

Daşkənd MDB ölkələrinin turistləri arasında ən populyar şəhərdir. Qonaqlara şəhərin həm yeni, həm də qədim hissəsini göstərirlər. Tərkibində mavzoley, məscid və mədrəsənin olduğu Həzrəti İmam dini kompleksini ziyarət etmək ekskursiya probleminin ayrılmaz hissəsidir. Burada Məhəmməd Peyğəmbərin saçı və həqiqi olması UNESKO tərəfindən təsdiq edilmiş VII əsrə aid Müqəddəs Quran saxlanılır.

Şərq koloritini hiss etmək üçün yerli bazara baş çəkmək lazımdır. Çorsu və Alay Daşkəndin ən məşhur bazarları sayılırlar. Turizm bələdçisi Asiyə Şaripova deyir: “Səyahətçilər daha çox turistik olmayan bazarlara üstünlük verirlər. Mən Daşkəndin Çorsu və Səmərqəndin Siab bazarını xüsusilə qeyd etmək istərdim. Bu bazarlarda təzə meyvə, tərəvəz və ədvalar almaq olar. Eyni zamanda, turistlərə xalça, suvenirlər, məişət əşyaları, quru meyvə və şirniyyat da təklif olunur”.

Özbəkistan

Səmərqənd

Daşkənddən Səmərqəndə 270 kilometr məsafə var. Bu, təxminən iki saat qatarla yol deməkdir. XIV əsrdə Səmərqənd Teymurləngin imperiyasının paytaxtı olub, onun XV əsrdə inşa edilmiş Qur-Əmir türbəsi də məhz bu şəhərdə yerləşir. Bu türbənin Aqradakı Tac-Mahal üçün nümunə olduğu söylənilir.

Səmərqənddəki Bibi-Xanım məscidi Teymurləngin sevimli arvadının şərəfinə tikilib. Onun mənası “böyük şahzadə” deməkdir. Bələdçi Əziz Xalmuradov deyir: “Bəzən turistlər gülməli suallar verirlər. Məsələn, özbəklərdə çoxarvadlılıq varmı və ya onlara bir çox dəfə evlənmək olarmı? Mən adətən zarafatla cavab verirəm ki, indi bizdə çoxkişililik var və bir çox qadınların bir neçə əri olur”.

Plov və Registan

Bələdçi Əziz Xalmuradov daha sonra əlavə edir: “Əcnəbilər hesab edirlər ki, özbək mətbəxi çox yağlıdır. Əslində, bizim yeməklər çox yağlı deyil: süfrəyə təzə tərəvəz, çoxlu süd məhsulları verilir. Mastava və maşxurda şorbalarının, ispanaq və göyərti ilə samsu supunun da dadına baxa bilərsiniz”.

Asiyə Şaripova əlavə edir: “Plov ənənəvi xörəkdir. Zənnimcə, ən yaxşı plovu Səmərqənddə bişirirlər. Ən yaxşı balıq Xivədə, kabab Buxarada, ləzzətli laqman isə Daşkənddə olur”.

Özbəkistan

Şərqdə əsas meydanı Registan adlandırırdılar. Səmərqənddə onun ərazisində XV-XVII əsrlərə aid olan üç mədrəsə yerləşir. Bu memarlıq kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Əziz Xalmuradov deyir: “Atam danışırdı ki, uşaqlıqda dostları ilə birlikdə Registanın damlarında qaçardılar. Böyük Vətən müharibəsi dövründə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdən evakuasiya edilmiş insanlar mədrəsədə yaşayırdılar. İndi bu ərazi turizm məkanıdır. Buraya giriş təqribən beş dollardır”.

Qızılqum səhrası

Səmərqənddən Buxaraya gedən yolda Uçquduk şəhərinə, həmin “üç quyu”nun olduğu yerə baş çəkmək lazımdır. Şəhər Qızılqum səhrasının ortasında – Amudərya və Sırdərya çaylarının arasında inşa edilib və üç ölkənin – Özbəkistan, Qazaxıstan və Türkmənistanın ərazisinə düşür.

Qızılqum səhrasının ortasında yurd düşərgəsində bir neçə gün keçirməklə, özünüzü əsl köçəri kimi hiss edə bilərsiniz. Burada sizə dəvənin üzərində və cip maşınlarda yarğanlar boyu gəzmək, qumların arasında yaradılan süni göl olan Aydarkulda çimmək, həmçinin insanların, heyvanların və ov səhnələrinin təsvir edildiyi beş mindən çox qayaüstü rəsmin olduğu Sarmış təbii qoruğuna ekskursiya təklif olunacaq. Bələdçi Xalmuradov səhradakı karvansaranın xarabalıqlarını da görməyi tövsiyə edir.

Buxara

Səmərqənd və Buxara arasında olan 280 kilometrlik məsafəni maşınla dörd saata, sürət qatarı ilə saat yarıma qət etmək olar. Bu ərazidə ən görməli məkan orta əsrlərə aid Lyəbi-Xauz memarlıq ansamblının tərkibində olan keçmiş ticarət meydanı, Ərk qalası, minarə və Qəlyan məscididir.

Samanilər sülaləsinin Buxara şəhərindəki türbəsi IX əsrdə qədim qəbiristanlığın ərazisində inşa edilib. Rəvayətə görə, Çingiz xanın hücumu zamanı yerli sakinlər onu məhv olmaqdan qorumaq üçün üzərinə qum töküblər.

Xivə şəhəri

Bələdçi Asiyə Şaripova bildirir ki, Xivə şəhərinin qədim hissəsi – İçən-Qala möhkəm qala divarları ilə əhatə olunub. Turistlər adətən müdafiə istehkamlarının kənarına çıxmırlar, çünki bu ərazidə istirahət üçün zəruri olan otellər, suvenir dükanları və s. mövcuddur. Lakin heç bir gecə həyatından söhbət gedə bilməz. Bu, muzey şəhəridir.

Xivə şəhərinin 2500 ildən çox yaşı var. Rəvayətə görə, İçən-Qala Nuh peyğəmbərin oğlu Simin əmri ilə Heyvak quyusunun ətrafında qazılıb. Qədim Xivə şəhəri Orta Asiyada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş birinci abidədir.

Muynakda gəmi qəbiristanlığı

Bələdçi Şaripova sözlərinə davam edir: “Muynakda Özbəkistana klassik turlar sırasına daxil deyil və digər şəhərlərdən tamamilə fərqlidir. Buranın atmosferi bir az ağırdır, lakin mənzərələr valehedicidir. Ərazidə gəmi qəbiristanlığı var.

Sovet dövründə Muynak Aral dənizinin sahilində yerləşən liman olub. İndi həmin dənizdən əsər-əlamət qalmayıb və gəmilər qumun üzərində dururlar.

Bələdçi sözlərinə yekun vurur: “Turistlər Özbəkistandan müxtəlif ədvalar, bitki çayları, ipək şallar, taxta və keramikadan düzəldilən əşyalar alıb aparırlar. Hər bir məsciddə və mədrəsədə suvenir çadırları var.