Ev Turizm Xəbərləri Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Özbəkistan

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın regionları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin yaradılması layihəsi həyata keçirilir. Bununla əlaqədar əldə olunmuş razılığa əsasən Özbəkistanın Buxara vilayət hakimiyyəti nümayəndələri, habelə mədəniyyət kollektivindən ibarət qrup bu gün Azərbaycana səfərə yola düşüb. Onlar dekabrın 10-dək Lənkəran şəhərində olacaqlar.

Layihəyə Azərbaycanın Özbəkistandakı səfirliyi, bu ölkənin Nazirlər Kabinetinin Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsi (MMXÖDK) müvafiq dəstək göstərir.

Səfər zamanı Lənkəran və Buxara arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsindən danışılacaq. Gələcəkdə bu barədə müvafiq müqavilənin imzalanması, tərəflər arasında elm, mədəniyyət, turizm, təhsil sahəsində birgə layihələrin icrası olacaq. Əməkdaşlığın genişləndirilməsinə dair görüşlərin, müzakirələrin təşkili nəzərdə tutulur.

Azərbaycana gedən qonaqlar arasında Buxara vilayət hakiminin müavini Voxid Niyozov, Mədəniyyət idarəsi rəhbərinin müavini Qolibcon Barotov, vilayət filarmoniyasının rəhbəri Rauf Avezov, mədəniyyət xadimləri, musiqiçilər var. Həmçinin MMXÖDK sədrinin müavini Firuz Bekov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da səfərə gedənlər arasındadır.

Səfərlə əlaqədar Lənkəran şəhər Mədəniyyət sarayında “Özbək mədəniyyəti və incəsənəti günü” keçiriləcək. Bu münasibətlə Mədəniyyət sarayında özbək sənətinə dair əl işləri, suvenirlər sərgilənəcək. Sarayın salonunda isə bədii proqram nümayiş etdiriləcək.

Buxara vilayət hakimiyyətinin nümayəndələri ilə Lənkəran Rayon İcra Hakimiyyətində görüş keçiriləcək. Qonaqlar rayonun, habelə cənub bölgəsinin görməli məkanları, tarixi abidələri, turizm obyektləri ilə tanış olacaqlar.