Çində koronavirusun yeni ölümcül növünün yayılması ilə mübarizə tədbirləri çərçivəsində paytaxt Pekinin bütün təhsil müəssisələrində yaz semestrinin başlanması təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pekin meriyasının təhsil komissiyası məlumat yayıb. Komissiya yaz semestrinin başlaması barədə elan verilənədək uşaq bağçalarında, ibtidai və orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin, imtahanların, kütləvi tədbirlərin keçirilməyəcəyini açıqlayıb. Təhsil müəssisələrinə onlayn qaydada tədrisin təşkili barədə tapşırıq verilib.
Bundan əvvəl, virusun mənbəyi olan Xubey vilayətinin ibtidai və orta məktəblərində yaz semestrinin başlanması qeyri-müəyyən vaxta təxirə salınmışdı. Çinin müxtəlif şəhərlərindəki bir neçə universitet də elan yayaraq, yaz semestrinin başlanmasının təxirə salındığını bəyan edib.
Qeyd edək ki, Çinin Xubey vilayətinin Uxan şəhərində aşkarlanan və vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun yeni ştammına yoluxanların sayı 2070, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 2692 nəfərə çatıb. İndiyədək bu virusun səbəb olduğu sətəlcəmdən 56 nəfər ölüb, 49 nəfər sağalaraq xəstəxananı tərk edib. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 21 mindən çox adam tibbi nəzarət altına alınıb. Hələlik koronavirusun yeni ştammına qarşı konkret dərman, peyvənd yoxdur.
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yanvarın 26-da yaydığı məlumatda peyvənd və müalicə üçün dərman üzərində iş aparıldığı bildirilib.
Artıq Çinin 34 bölgəsindən 30-unda, o cümlədən virusa ən çox yoluxmanın qeydə alındığı Xubey vilayətində, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, Honkonq xüsusi inzibati bölgəsində ən yüksək səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub. Paytaxt Pekin də daxil olmaqla bir neçə şəhərin rəhbərliyi şəhərlərarası avtobus səfərlərini dayandırıb.
Çin Dövlət Şurasının Baş Naziri Li Keçyan yanvarın 26-da koronavirusun yayılması ilə mübarizəyə həsr olunan iclasda ölkədə ay təqvimi ilə qeyd olunan yeni il tətilinin (qeyri-iş günlərinin) uzadılacağını bəyan edib.
Maliyyə Nazirliyi ölümcül virusla mübarizə tədbirlərinə indiyədək ümumilikdə 11,21 milyard yuan (təxminən 1,6 milyard ABŞ dolları) ayrıldığını açıqlayıb.
Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq. Bundan başqa, bütün ölkə boyu kütləvi tədbirlər təxirə salınıb, tanınmış turizm obyektləri, o cümlədən Böyük Çin Səddi, Pekindəki İmperator Sarayı, Şanxaydakı “Disneyland” fəaliyyətini dayandırıb.
Ölkənin gömrük xidməti Çin sərhədini keçən bütün şəxslərdən sağlamlıq vəziyyəti haqqında anket doldurmasını tələb etməyə başlayıb.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal və Kanadada ümumilikdə 37 nəfərin bu virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.
Bəzi ölkələrin səyahət şirkətləri Çinə turist səfərlərinin dayandırıldığını elan edib, bir neçə ölkə isə Çindən turist qəbulunu dayandırıb.