“ABŞ və Azərbaycan arasında münasibətlər kifayət qədər güclüdür”.
Bunu Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclasında ABŞ-ın Dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisinin birinci müavini Peter Haas bildirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq enerji, təhlükəsizlik məsələlərində özünü bariz göstrərir: “ABŞ şirkətləri enerji, neft-qaz sektoru, İKT, nəqliyyat və turizm sahəsində Azərbaycanda işləməyə böyük maraq göstərə bilərlər. Ümumiyyətlə, ABŞ şirkətləri ədliyyə və məhkəmə sistemi güclü olan ölkələrdə işləməyə üstünlük verir. Son illər isə Azərbaycan bu sahədə xeyli uğurlu addımlar atıb və irəliləyişlər əldə edib”.
P.Haas ümid edir ki, Azərbaycan və ABŞ arasında iqtisadi və enerji təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq daha da genişləndiriləcək.
O bildirib ki, bir həftədən sonra ABŞ-ın enerji məsələləri üzrə rəsmiləri Azərbaycana səfər edəcəklər: “Biz Azərbaycanın enerji layihələrini və regionda tutduğu mövqeni yüksək dəyərləndirirk. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının 7 ildən sonra bərpa etməsi özü çox sevindici haldır”.