Ev Turizm Xəbərləri Proqnozlar 2020-ci ildə də yüksək nailiyyətlərin əldə ediləcəyindən xəbər verir

Proqnozlar 2020-ci ildə də yüksək nailiyyətlərin əldə ediləcəyindən xəbər verir

proqnoz

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar sayəsində 2019-cu ildə Azərbaycanda iqtisadi aktivlik üzrə müsbət dinamika qorunub. Profisitli tədiyə balansı strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Azərbaycan hökuməti iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması prosesində mütəmadi olaraq, proqnozlara mühüm önəm verir. Şübhəsiz ki, bu zaman ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyillər və çağırışlar nəzərə alınır.

Onu da xatırladaq ki, belə şəraitdə mövcud sahədə baş verən iqtisadi proseslər daim diqqət mərkəzində saxlanılır. Habelə respublikada görülən işlərə, möhkəm iqtisadi təmələ əsaslanılmaqla, qarşıdakı 2020-ci ildə inkişafın davamlılığının müşahidə ediləcəyi vurğulanır. Bu, eyni zamanda, konkret rəqəmlərlə də ifadə edilir:

-2020-ci ildə ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil edəcəyi proqnozlaşdırılır;
-Makroiqtisadi sabitliyin qorunması və davam edən köklü institusional islahatlarla ölkə iqtisadiyyatında baş verən struktur transformasiyaları 2020-ci ildə də iqtisadi artımın sürətinə və inklüzivliyinə təsir göstərən amillərdən biri olacaq. Həyata keçirilən islahatlar iqtisadi potensialın əsas amilləri olan əmək və kapitalın məhsuldarlığının artmasını, habelə yeni texnologiyaların tətbiqini stimullaşdıracaq;
–Bu il dövlət büdcəsi xərclərinin 2019-cu ilə nəzərən 6,8 faiz, o cümlədən cari xərclərin 39,3 faiz artacağı proqnozlaşdırılır;
–Bu il qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 4,8 faiz artacağı bildirilir;
–Cari ildə xidmətlər sektorunda artımın 3,6 faiz, nəqliyyatda 4,4 faiz, rabitə və informasiyada 8,7 faiz, ticarətdə 4,5 faiz, turizmdə 6 faiz olacağı gözlənilir;
–2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payının 65 faizi ötəcəyi proqnozlaşdırılır;
–Bu il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəy. Xarici investisiyaların 7,7 milyard manatının neft sektoruna, 10,6 milyard manatının isə qeyri-neft sektoruna yönəldiləcəyi proqnozlaşdırılır;
–əsas kapitala yönəldiləcək investisiyaların 11,1 milyard manatı və ya 60 faizdən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaq;
–birinci və ikinci rüblərdə neft və kondensat hasilatı gün ərzində 0,77 milyon barel və 0,76 milyon barel, üçüncü və dördüncü rüblərində isə gündə 0,75 milyon barel təşkil edəcək;
–2020-ci ildə də dövlət tələbi iqtisadi artımın mühüm amillərindən biri olaraq qalacaq. Büdcədə neftin qiymətinin ötən illə müqayisədə daha konservativ (55 dollar) götürülməsi perspektiv üçün fiskal dayanıqlığı dəstəkləyən amil olacaq;
–hökumətin rəsmi proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4,6 faiz olacaq. Bu da əhalinin real gəlirlərinin artımına şərait yaradacaq səviyyədir. Buna nail olmaq üçün Mərkəzi Bank öhdəsindəki bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək. Pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaq;
–mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyə balansının vəziyyəti olacaq. Bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq. Onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaq.
–Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq, ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcək. Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri “Ani ödəniş sistemi”nin yaradılması olacaqdır. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaq.
Bu il ərzində bütün yuxarıda sadalanan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin səmərəli koordinasiyasından və mümkün xarici şokun təsirlərinin qabaqcadan hazırlanmış tədbirlər planı ilə minimallaşdırılmasından asılı olacaq.