Ev Turizm Xəbərləri Pul da getdi, istirahət də – Turizm şirkəti müqavilədən asanlıqla imtina edə...

Pul da getdi, istirahət də – Turizm şirkəti müqavilədən asanlıqla imtina edə bilər

turizm

“Dövlət Turizm Agentliyi mexanizm hazırlasa, ölkədə fəaliyyət göstərən bütün turizm şirkətləri bu qaydaya əməl edər. Amma tövsiyə xarakterli bir sənədin icrası real görünmür”

Azərbaycanda turizm şirkətləri ilə müştərilər arasında ikitərəfli müqavilə imzalanacaq. Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev məlumat verib.

“Arvad-kişi” məsələsi turizmə də sızdı: yeni kodeksdə nələr var?O bildirib ki, turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün Assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacaq. Tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək.

Sputnik Azərbaycan turizm şirkətləri ilə müştərilər arasında imzalanacaq ikitərəfli müqavilələrin tətbiqinin fayda verib-verməyəcəyini araşdırıb.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 20-30 şirkətin yığışıb belə bir qərar verməsi turizm sektorunda fayda verməyəcək: “Bir iş ki könüllüdürsə, burada 100 faiz nəticə gözləmək mümkün deyil.

Hazırda ölkəmizdə 3 mindən çox turizm şirkəti var. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına isə 20-30 şirkət daxildir. Bir qisim şirkətlər, ola bilsin ki, öz müştəriləri ilə belə bir müqavilə bağlasınlar. Amma hələ onların da nə qədərinin tövsiyə edilən bu işi edəcəkləri sual altındadır.

Biz bazarda qayda-qanun yaratmaq istəyiriksə, dövlət tərəfindən mexanizm hazırlanmalıdır. Belə bir mexanizmi Dövlət Turizm Agentliyi hazırlaya bilər. Bu halda ölkədə fəaliyyət göstərən bütün turizm şirkətləri bu qaydaya əməl edərlər. Amma tövsiyə xarakterli bir sənədin icrası real görünmür”.

N.Bağırov deyir ki, Azərbaycanda turizm sektorunda lisenziya aradan qaldırıldıqdan sonra bu sahədə də işbazlar peyda olub: “Yay fəslində müştərilərin turizm şirkətləri tərəfindən aldadılması faktları bunun sübutudur. 

Bəh-bəh deyib çağırırlar, amma üz qarasına çevriliblər – Təklifləri də tələbə uyğun deyil. Bu cür hadisələrin yaşanmaması üçün müqavilələrlə bağlı mexanizm müəyyən edilməlidir. Nə qədər ki belə rəsmi sənəd yoxdur, turizm şirkətləri arasında ikitərəfli müqavilələrə əməl edənləri də olacaq, etməyənləri də…”

Turizm eksperti Ruslan Quliyev deyir ki, turizm sahəsində qanunvericilik bazası üzərində təkmilləşdirilmə işləri aparılır. Bu işlər başa çatanadək turizm sahəsində nöqsanların aradan qaldırılmasına yönəlik tövsiyə xarakterli sənədlərin qəbulu vacibdir. R.Quliyevin sözlərinə görə, 50-dək tur şirkətinin üzv olduğu Assosiasiyanın turizm sahəsində etik normalar hazırlaması müsbət addımdır: “Bu sənədə bütün turizm şirkətləri əməl etməsə belə, 50 tur şirkətinin dəstəkləməsi müsbət dəyərləndirilməlidir. Turizm sahəsində qəbul edilən bu sənədlər ölkəmizdə tur şirkətlərinin peşəkarlığının artırılmasına, onların standartlara uyğun xidmət göstərməsinə yönəlmiş bir addımdır. Sözsüz ki, həm də ölkəmizə gələn turistlərin Azərbaycanda turizm xidmətlərindən razı getməsi, bununla da yeni turistlərin ölkəmizə axını aspektindən də bu cür sənədlərin qəbulu vacibdir”.