Ev Turizm Xəbərləri Qəbələ dünyanın məşhur turizm mərkəzlərindən birinə çevrilir ŞƏRH

Qəbələ dünyanın məşhur turizm mərkəzlərindən birinə çevrilir ŞƏRH

Bütün fəsillərdə gözəlliyə qərq olan Azərbaycan yay fəslində də başqa bir ab-havada olur. Təbiətin bəxş etdiyi bütün yeraltı-yerüstü sərvətləri və iqlimi bu gözəlliyi daha da cəlbedici edir. Təbii ki, ölkəmizdəki, sabitlik, əmin-amanlıq istirahət üçün əlverişli bir məkandır. Turistlər də, məhz təbiəti bənzərsiz, əmin-aman bir ölkədə istirahətlərinin təşkilinə önəm verdikləri üçün seçdikləri məkanlar sırasında Odlar Diyarı kimi tanınan Azərbaycana üz tuturlar. Azərbaycanın Xəzərsahili istirahət və müalicə ocaqları, sanatoriya və kurortları, bir-birindən maraqlı yerli tarixi abidələri dünya turizm həvəskarlarının xidmətindədir.

Azərbaycanın nəfəsi turistlərdə başqa bir ovqat yaradır desək, fikrimizdə yanılmarıq. Mötəbər tədbirlərə ev sahibliyi edən, eləcə də, dünya ölkələrində ölkəmizlə bağlı xüsusi təqdim olunan reportajlar, yayımlanan verilişlər, yazılı medianın təqdim etdiyi məqalələr ölkəmiz haqqında mövcud olan real mənzərəni əks etdirmiş olur. Təqdim olunan materiallarda ölkəmizin qədim şəhərlərindən tutmuş bölgələrinə, ucqar kəndlərinədək uzanan rahat yolları, səliqəli hotelləri, çeşidli təamları, milli adət-ənənələri, yerli əhalinin mehribanlığı və s. amillər müxtəlif dinə, irqə məxsus insanlarda ölkəmiz haqqında olan təsəvvürləri daha da dərinləşdirmiş olur. Xüsusi ilə də, Azərbaycan mədəniyyəti, tarixi, hər daşına həkk olunan minilliklərin sorağı ölkəmizə marağı birə-beş artırmış olur. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu bir məkanda istirahət etmək niyyətində olanlar ölkəmizə üz tutduqları üçün səhv seçim etmədiklərini dərk edirlər. İlbəil turistlərin sayında artımın baş verməsi də, məhz ölkəmizin bu və digər üstünlüklərə malik olmasına söykənir.

Xüsusi olaraq, vurğulayaq ki, turizm ölkəmizin iqtisadi inkişafında böyük perspektivlər açmasına da real zəmin yaradır. Bu məsələyə kompleks şəkildə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən, ölkəmizdə turizm sənayesi həm daxili, həm də xarici qonaqları qəbul etmək üçün ildən-ilə inkişaf edir. Qeyd edək ki, turizm iqtisadiyyatımızın əlverişli hissəsi olmaqla, xırda və orta sahibkarlıq üçün də möhkəm baza yaradır, rayonda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılması üçün əlverişli şərait yaranır. Bütün bunlar, əlbəttə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Proqramının və yoxsulluğun aradan qaldırılması Proqramının əsas müddəalarına cavab verir.

“AZƏRBAYCANIN İSVEÇRƏSİ”

Azərbaycanın belə gözəl məkanları sırasında Qəbələnin öz yeri və payı var. Bu diyarın təbiəti, uca dağları, yaşıl meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, mənzərəli yerləri, həqiqətən də, istirahət üçün ən əlverişli məkanlar sırasındadır. Nadir təbii iqlim şəraiti, mineral bulaqları, tarixi İpək Yolunun üstündə yerləşən, Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ tarixi və müasirliyi özündə birləşdirir. Bu yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev Qəbələni “Azərbaycanın İsveçrəsi” adlandırıb.

Qəbələnin təbii sərvətləri sistemində onun mineral suları sırasında olan – mineral bulağı Qəmərvan kəndindən 5 km şimalda, Bum çayı dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal-mineral sudur. Bulaq kükürdlü və dəmirli birləşmələrlə zəngindir. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə, Qəmərvan mineral bulağı Qərbi Avropada məşhur olan Kuldur mineral suyu ilə analoq təşkil edir.

AZƏRBAYCAN TƏBİƏTİNİN YEGANƏ TƏBİİ ABİDƏSİ

Bitki örtüyünün zənginliyinə və növ tərkibinin müxtəlifliyinə görə seçilən Qafqaz meşələrinin ayrılmaz tərkib hissəsi olan Qəbələ rayonunun meşə örtüyü füsunkarlığı, al-əlvanlığına və heyrətamizliyinə görə diqqəti cəlb edir. Gur yağan leysan yağışlar, isti hava şəraiti bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəbdir.

Qəbələnin dağ və düzən meşələri endemik və relikt bitkilərlə, meyvə və giləmeyvə ağac və kol bitkiləri ilə zəngindir. Azərbaycan təbiətinin yeganə təbii abidəsi olan rayonun Həmzəlli kəndindəki Qaracöhrə ağaclarının (yaşı 250-300 ildən çox) əmələ gətirdiyi sıx meşəlik, nəinki ölkəmizin, eləcə də, onun hüdudlarından çox-çox uzaqlarda yaşayan alim və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Burada qarağat, yasəmən, çaytikanı, şabalıd və cökə çiçəkləri, yaylaqlarda, çəmən və düzlərdə yayılmış kəkotu, qaraqınıq, sarıçöp, astraqal, baldırqan təbii şəkildə yayılan qızılgül və s. çiçəkli ot bitkiləri arıçılığın inkişafı və xalq təbabəti üçün geniş imkanlar yaradır.

1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin, Əlvan (Alban) dərəsi ərazisində Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ-meşə lantşaftının müxtəlif ağac və kol bitkiləri, eləcə də, nəsli kəsilmək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanlar mühafizə olunur.

BU MƏKANIN HƏR YERİNDƏN ƏSRLƏRİN SƏSİ GƏLİR

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bu tarixi abidələr Qəbələnin tarixinin min illər bundan əvvəllərə gedib çıxdığını göstərir. Bu füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri çox zəngindir. Şanlı keçmişə malik və yüz illər boyu Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görmək olar. Buranın hər bir daşından əsrlərin səsi eşidilir. Təbii ki, bu məkanda tarix və mədəniyyət abidələrinin say baxımından çox olması turistlərin axınında önəmli rol oynayır. Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədi, Bum kəndində XIX əsrə aid məscid, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalası, Şəfili kəndində XVII əsrə aid məqbərə, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba piri, Komrad dağının zirvəsindəki Komrad piri, Nic kəndində Hacı Qərib məscidi və s. xarici turistlərin Qəbələyə səfəri zamanı ən çox ziyarət edilən yerlərdir. Bu tarixi məkanların adını vurğulayarkən, Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olduğunu da qeyd etməliyik. Mənbələrdə göstərilir ki, bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilib.

TURİZM-İSTİRAHƏT MƏRKƏZLƏRİ DAĞ, ÇAY VƏ MEŞƏ ZOLAQLARI İLƏ ƏHATƏ OLUNUB

Müasirliyi ilə tarixi özündə birləşdirən Qəbələdəki müasir tikililər ona başqa bir görkəm verib. Xüsusilə də, turistlərin müasir standarlara cavab verən məkanlarda istirahəti üçün tikilən otellər diqqəti cəlb edir. Bu turizm-istirahət mərkəzləri dağ, çay və meşə zolaqları ilə əhatə olunub. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri hər bir turisti maraqlandırır. Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı

yeni beşulduzlu otel və istirahət mərkəzlərinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli tövsiyələrini verir. Dövlət başçısı çıxışlarının birində belə deyib: “Qəbələ, sözün əsl mənasında, sürətlə inkişaf edir, böyük quruculuq-abadlıq işləri aparılır. Burada turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir”. “Qafqaz Resort” Hoteli öz cazibədar təbiəti, Şərqə məxsus qonaqpərvərliyi ilə regionun ən üstünlük verilən otellərindən biridir. 2008-ci il ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən rəsmi açılışı olan otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. “Qafqaz Riverside” Hoteli də Qəbələnin Dəmiraparan çayı sahilindədir. 2009-cu ildə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən otel müasir standartlara uyğun qurulub. Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən “Qafqaz Sport”, “Qafqaz Karvansaray” və s. bu kimi otellərdə turistlərin istirahəti üçün hər bir şərait mövcuddur. Qəbələ rayonunda mövcud olan turizm obyektləri hər il nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir və bazarda özünün turizm imkanlarını nümayiş etdirir.

“TUFAN” DAĞ-XİZƏK YAY-QIŞ İSTİRAHƏT KOMPLEKSİ GÜN ƏRZİNDƏ ÜÇ MİN NƏFƏRƏ XİDMƏT GÖSTƏRMƏK İMKANINA MALİKDİR

Turizm məkanlarından söz açarkən, əlbəttə ki, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin qeyd etməmək mümkün deyildi. Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Qış turizminin inkişaf etdirilməsi ilə bağlı atılan növbəti addımlardan Qəbələdəki “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi oldu. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən, mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlər yaradılıb. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkan verir. Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Yaradılan şərait, bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Qəbələyə səfər edə bilirlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkan qışda da turistləri ən gözəl istirahət mərkəzinə çevrilib.

Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin də kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin bütün bölgələri, o cümlədən, Qəbələ sürətlə inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır.

RAYON TURİZMİNİN İNKİŞAF DİNAMİKASININ YÜKSƏLƏN TEMPLƏ DAVAM ETMƏSİNƏ ƏSAS OLAN AMİLLƏR

2010-cu ildə Qəbələdə ikimərtəbəli avtovağzal binası açılıb. Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərən avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyir. Həmçinin, ölkədaxili istiqamətlərdə və Türkiyə, Rusiya, eyni zamanda və MDB-nin digər dövlətlərinə avtobus reysləri fəaliyyət göstərir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən Qəbələ Beynəlxalq Aeroportu istifadəyə verilib. Aeroportda aviasiya təhlükəsizliyi, sərhəd və gömrük xidmətlərinin əməkdaşlarının rahat işləmələri üçün hərtərəfli şərait yaradılıb. Terminalda ən müasir təhlükəsizlik sistemləri quraşdırılıb. Sərnişinlərin qeydiyyatı və VIP salonu da ən son avadanlıqla təchiz olunub.

Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. Artıq ənənə halını almış və hər ilin yay aylarında keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın müxtəlif ölkələrindən dünya şöhrətli musiqiçilər iştirak edirlər. Festivalda səsləndirilən klassik musiqiləri canlı dinləmək üçün yüzlərlə yerli və xarici musiqi həvəskarları Qəbələyə təşrif buyururlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur və əsrarəngiz təbiətini seyr edirlər. Rayonda turizmin inkişaf dinamikası yüksələn templə davam edir.

NİCİN TİMSALINDA AZƏRBAYCANDA MÖVCUD OLAN MULTİKULTURALİZMİ GÖRMƏMƏK MÜMKÜN DEYİLDİ

Qəbələ həm də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn turistlər multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu öz gözləriylə görürlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Cənab Prezidentin Sərəncamı ilə 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi sülhə, şəfqətə və barışa dünya miqyasında bir çağırış oldu. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Fərqli dinin, fərqli etnosun yaşadığı Qəbələ rayonunun Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün, əsasən, Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub-saxlaya bilmişdir. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar. Nic qəsəbəsindəki Alban-Udi xristian kilsəsi bura gələn xarici turistləri təəccübləndirməyə bilməz. Kilsədə səslənən arqan musiqisi insanları riqqətə gətirir. Qeyd edək ki, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Çotari” Alban-Udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsədə 2003-cü ildə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, 2006-cı ildə dindarların istifadəsinə verilmişdir.

Bu gün Qəbələdə udi xalq rəqslərinin sədaları altında keçirilən toy-düyün, müsəlman ölkəsindəki bir xristian məbədində bağlanan mənəvi ittifaq əsl tolerant mühitin ölkəmizdə olduğunun bir göstəricisidir. Dünyanın belə bir çətin zamanında yaşamağımıza baxmayaraq, Azərbaycanda multikulturalizm yaşayır. Əbəs yerə deyilmir ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır.

TURİSTLƏRİN İSTİRAHƏT ÜÇÜN VERDİKLƏRİ QƏRAR: QƏBƏLƏYƏ SƏFƏR

Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti və müasir istirahət mərkəzləri turistləri heyran edir. Bu gün Qəbələyə gələn turistlərin sayı artmaqdadır. Mövcud turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2009-cu ildə 29 min 558, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 39 min 960, 2012-ci ildə 42 min 545, 2013-cü ildə isə 45 min 675 turist Qəbələ rayonuna gəlmişdir. 2014-cü ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 49 min 969 nəfər olmuşdur. Bu da 2013-cü ildə rayona gələn turistlərin sayından 4294 nəfər çoxdur. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi. 2016-cı ildə gələn turistlərin sayı 99 min 700 nəfər olub. 2017-ci ilin 8 ayında Qəbələyə 218 min 118 turist gəlib. İstirahətə gələnlərin 89 min 217 nəfəri yerli, 128 min 901 nəfəri əcnəbi turistlərdir. Turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub. 2018-ci ildə isə təkcə yay ərizində 277 min 283 nəfər turist səfər etmişdi. Göründüyü kimi, Qəbələni ən gözəl və rahat məkan kimi seçib istirahət etmək istəyən turistlərin sayı ilbəil artır.