Ev Turizm Xəbərləri Qəbələdə 48 mənzilli yaşayış binası tikiləcək – SƏRƏNCAM

Qəbələdə 48 mənzilli yaşayış binası tikiləcək – SƏRƏNCAM

Qəbələ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib. Sənaye məhsulunun həcmi 40,2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 92,1 dəfə, o cümlədən, tikinti quraşdırma işləri 99,2 dəfə artıb. Mühüm infrastruktur layihələri yerinə yetirilib, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN xidmət” mərkəzi inşa edilib. Müasir turizm və mədəniyyət obyektləri istifadəyə verilib. 45 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılıb.

Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X40 MVA gücündə “Qəbələ” yarımstansiyası yenidən qurulub. Qəbələ Dekorativ Qızılgüllər İstixanası, xalçaçılıq və digər iri istehsal və emal müəssisələri yaradılıb, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb. Genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.

Yaşayış binası Qəbələ şəhərində istismar müddəti başa çatmış üç ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikiləcək.