Son illər Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artmasına səbəb olub. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı vardır. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin Azərbaycana böyük axınla səfər etməsinə geniş yol açıb.
Geniş turizm infrastrukturuna malik Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir. 2019-cu ilin 11 ayında rayondakı otel və mehmanxana tipli müəssisələrə 172 min 818 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 58 min 371-i və ya 33,8 faizi Azərbaycan, 114 min 447-si və ya 66,2 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
