AVRO-2020-nin son seçmə oyunu üçün Azərbaycan millisi ilə birgə Slovakiyanın paytaxtı Bratislavada idik. “Report”un əməkdaşı kimi ilk dəfə yığmanın oyununu işıqlandırmağa ezam olunmuşdum.
Təbii ki, səfər öncəsi futbolçuların əhval-ruhiyyəsi elə də yüksək səviyyədə deyildi. Bu da başa düşülən idi. Səfərdən bir gün əvvəl komanda Bakıda Uelsə məğlub olmuşdu.
3 saat 40 dəqiqəlik uçuşdan sonra təyyarə Bratislavaya endi. Yığmanın oyunu Trnava şəhərində olsa da, komanda və media nümayəndələri paytaxtda qaldı. Hava limanına yerli vaxtla saat 17:00-da çatarkən ilk olaraq, hər tərəfin qaranlıq olması diqqətimizi cəlb etdi. Düşündük ki, ilk gündə Bratislavanı, az da olsa, aydınlıq içində görə bilərdik. Burada sanki səhərlər də gec açılır. Slovakiya xalqı, sözün əsl mənasında, gün üzünə həsrətdir.
