“Bu gün Azərbaycanın istənilən yerində Qax balı satılır deyəndə, heç kəsdə şübhə doğurmur, yəni Qax arıçılığına bu qədər inam var”Şahpəri Abbasova, Sputnik Azərbaycan
Qax rayonunda III Bal bayramı keçirilib. Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın təbliği, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Azərbaycanda arıçılığın inkişafı son illərdə gözəçarpacaq dərəcədə artıb: “Nəzərə alsaq ki, 2016-cı ildə təxminən 270 min arı ailəsi vardısa, bu il artıq arı ailələrinin sayı 450 mini keçir. Keçən il 3 min tona yaxın bal istehsal etmişik. Məhsuldarlıq da aşağı səviyyədə idi. Bu il artıq bal istehsalı 6 minə yaxınlaşıb. Hər arı ailəsindən əldə olunan bal 8-10 kilodan 10-15 kiloya çatıb. Bu da arıçıların uğurudur”.
İxracla bağlı müəyyən işlərin görüldüyünü söyləyən Assosiasiya sədri bir çox ölkələrə bal ixrac olunduğunu vurğuladı: “Yaponiyaya 1800 kiloqram, Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 ton bal ixrac olunub. İordaniya ilə danışıqlar gedir. Hər arı ailəsinə verilən subsidiya kiçik rəqəm olsa da, ümumilikdə Azərbaycan arıçılar ailəsinə 4 milyon manat pul daxil olub ki, bu da bizə böyük bir köməkdir. “Kənddən şəhərə” layihəsi çərçivəsində arıçıların balı satılır. Hər il keçirilən sərgi-satış yarmarkaları 400-ə yaxın arıçını Bakı şəhərinə gətirir və alıcı ilə üz-üzə qoyur. Birbaşa istehsalçı ilə istehlakçı qarşılaşır, satış həyata keçir. Bu da bizə dəstəkdir”.
Qeyd edək ki, bu bayram ilk dəfə 2012-ci ildə Qaxda keçirilib. Bu bayramın Qaxda keçirilməsinin səbəbini B.Həsrətov belə izah etdi: “Mən hər dəfə Bakı şəhərində tribunalarda çıxış edərkən Qaxı Azərbaycanın arıçılar mərkəzi adlandırırdım. Həqiqətən də Azərbaycanda Qax arıçılıq üçün bir məktəbdir. Burada çox savadlı, dəyərli arıçılar var. Bitki örtüyü çox zəngindir, 5 iqlim tipi var və Qax ərazisi arıçılıq üçün idealdır. Balakən, Zaqatala, Şəki arıxanaları bu mövsümdə əsasən Qax ərazisində yerləşir. Hətta Mingəçevir və Bərdədən də gəlirlər. Bu gün Azərbaycanın istənilən yerində Qax balı satılır deyəndə, heç kəsdə şübhə doğurmur, yəni Qax arıçılığına bu qədər inam var. Qax balı brend olduğundan, bu bayramın da burada keçirilməsi heç də təsadüfi deyil”.
Bayramda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, qonşu rayonlardan dəvət olunmuş qonaqlar, bölgənin arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak ediblər.
Rəsmi açılış mərasimindən sonra bal və arıçılıq məhsulları, arıçılıqda istifadə edilən avadanlıq sərgiləri ilə tanışlıq olub, balın süzülməsi prosesi əyani şəkildə nümayiş etdirilib. Baldan hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər təqdim olunaraq, sənətkarların əl işləri sərgilənib. Bal bayramı respublikanın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı ilə başa çatıb.