Qax rayonunun “Təndirli” adlanan hissəsində yaşayan sakinlər illərdir mavi yanacağın üzünə həsrət qalıblar. Dərdlərinə çarə tapılmayan sakinlər son ümid yerini Sputnik Azərbaycan-da görürlər.
Rayon sakini Roza Seydəliyeva deyir ki, dəfələrlə aidiyyəti orqanlara müraciət etmələrinə baxmayaraq, onların dərdinə çarə tapan yoxdur: “Dəfələrlə müraciət eləmişik. Hər dəfə vəd verib yola salırlar. Evdə körpə uşaqlar var, mən işləmirəm, yoldaşım da xəstə. İllərdir elektrik sobasından istifadə edirik. Borc da gəlib kəllə-çarxa çıxır”.
Sözügedən bölgənin sakini Əlyar Əzimov isə bildirir ki, döymədikləri qapı qalmayıb: “2016-2017-ci illərdə dəfələrlə “Azəriqaz”-a da qonşular adından məktub yollamışıq. Onlardan müsbət cavab almadıq. 2 ay əvvəl də aidiyyatı orqanlara bir də məktub yollamışıq. Hələ ki, oradan da səs-soraq yoxdur. 10 ildir həmin ərazidə yaşayıram. Şəhərin bir hissəsidir, amma hər şeyə pul veririk. Məcbur qalıb odun alırıq. Meşələrin də qırılmasına icazə yoxdur. Açığı, heç özümüz də razı deyilik meşənin qırılmasına. Balon qazından istifadə edirik, 20 manat verib qaz vurdururuq, heç bir ay getmir. Balon qazı da çox təhlükəlidir. Dövlətimizin sərvətini bizə qıymırlar. Səlahiyyətli şəxslərə yazmaqdan yorulmuşuq. Buradakı nümayəndələrinə də deyirsən, qayıdırlar ki, “1000-1500 manat ver çəkim”. Mən o qədər pulu hardan tapım?”
Yerli sakin Jujuna Canaşvilini də illərdir ki, bu problem narahat edir: “Çox təəccüblüdür, Azərbaycan hər il Gürcüstana qaz ixrac edir. Mənim qohumlarım yaşayır orada, onlar gen-bol istifadə edirlər qazdan. Hələ üstəlik qiyməti də bizdən ucuzdur. Amma mən Azərbaycan vətəndaşıyam, illərdir ki, qaz üzünə həsrətəm. Tək qadınam, mən necə odun alım? Aldığım məvaciblə güclə dolanıram, qış gələndə maaşım ancaq elektrik xərclərinə gedir. Çünki məcburam evi elektrik avadanlıqları ilə qızdırım. “Azəriqaz” və SOCAR birinci öz yerli əhalisini qazla təmin etməlidir, ondan sonra səxavət kisəsinin ağzını açıb digər ölkələrə qaz paylasın. Azərbaycanlıların yaxşı bir deyimi var: əvvəl evinin içi, sonra çölü”.
Zümrüd Abdullayeva deyir ki, havalar soyuyan kimi evdə otura bilmirlər: “Bölgəmiz turizm bölgəsidir. Təəssüf ki, bu cür cənnət bizə zindan olub. Hər dəfə havalar soyuyanda məcbur oluruq ya Bakıya, ya da başqa yerə gedək. Əsl köçəri həyat sürürük. Dəfələrlə İcra Hakimiyyətinə, qaz idarəsinə məlumat vermişik. Ancaq boş vədlər verirlər”.
Barəsində danışdığımız bölgənin digər sakini Könül Aslanova da şikayətçilər sırasındadır: “Biz yenicə köçmüşük. Amma köçməyimizə də peşmanıq. Şəhərin yaxınlığı olmasına baxmayaraq, qaz xətləri çəkilməyib. Burada xeyli sayda insan yaşayır. Onların həyatına bu qədər laqeyd yanaşmaq nə dərəcədə düzgündür?”
Yerli sakin Eldəniz Mirzəyev də dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdiyini söyləyir: “Mən və qonşularım dəfələrlə müraciət eləmişik. Səsimizə səs verən yoxdur. Bilirsiniz ki, bu bölgə olduqca soyuq iqlimə malik bir yerdir. Burada oktyabrdan maya qədər havalar soyuq olur. Sərt şaxtalar olur. Odunla necə qızdıraq? Elektrik sobasının da qızdırmağa gücü yetmir”.
Haqqında danışdığımız ərazinin sakini Cuma Musayev də iradını bildirir: “İstəyimiz budur ki, bura qaz xətti çəkilsin. Biz də bu ölkənin vətəndaşıyıq, onun sərvətindən istifadə etməyə hər birimizin haqqı var”.
Füzuli Seydəliyev də şikayətçilər sırasındadır: “Getmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Dəfələrlə “Azəriqaz”-a müraciət etmişik. Hər il müxtəlif vədlərlə yola salırlar. Bu yaxınlarda Rayon İcra Hakimiyyətinə də müraciət etdik. İndi də deyirlər, 2020-ci ildə çəkiləcək. Belə çıxır ki, biz bu qış da qazsız qalacağıq”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Amma qurum onlarla sakinin iddiasını təkzib etmək yolu tutdu. Qurumdan sadəcə bildirdilər ki, Qax rayonundan onlara heç bir şikayət daxil olmayıb…