Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun yenidənqurma işləri həyata keçirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir. Bu avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidənqurma işləri mövcud problemləri aradan qaldırır.
Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yolboyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır. Əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.
Texnoloji ardıcıllığa uyğun olaraq, yol əsasının alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kvadratmetr sahəni əhatə edəcək. Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur.
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boru, iki yerdə düzbucaqlı su keçidinin və 2 nöqtədə1 aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi layihədə nəzərdə tutulmuş işlərdəndir.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu yol nişanları və məlumatverici lövhə, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək. 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında və bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.