Ev Turizm Xəbərləri Rayonlarda evlərin qiyməti niyə beş yüz minə yaxındır? – RƏQƏMLƏR, SƏBƏBLƏR

Rayonlarda evlərin qiyməti niyə beş yüz minə yaxındır? – RƏQƏMLƏR, SƏBƏBLƏR

Bölgələr

Hər il olduğu kimi, cari ildə də Azərbaycanın turizm üçün münasib hesab edilən rayonlarında evlərin həm kirayə, həm də satış qiyməti artıb.

Hətta bəzi rayonlarda belə evlərin qiyməti Bakıdakı mənzillərin qiymətindən daha yüksəkdir. Məsələn, Qaxın ən görməli yerlərindən biri olan İlisuda evlərin qiyməti ötən illə müqayisədə bir qədər də yüksəlib. Burada satışda olan evlərin qiyməti hətta 140-300 min manat arasında dəyişir. Məlumata görə, hətta orada 450500 min manat dəyəri olan evlər də var.

Maraqlıdır, rayonlarda daşınmaz əmlak bazarında mənzillərin bu qədər baha olmasını zəruri edən səbəblər hansılardır? Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Hər il öncəki illə müqayisədə turizm bölgələrinə turist axını artır. Bu isə evlərin qiymətinin artmasına səbəb olur. Bundan başqa, biz turizm bölgələrində torpaq sahələrinin sürətlə məhdudlaşmasını müşahidə edirik. Bu amil isə turizm üçün əlverişli olan rayonların bəzi kəndlərində hətta torpaq sahələrinin qiymətinin 1 sot üçün 5 min manatdan daha yuxarı olmasına səbəb olur. Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Quba-Xaçmaz və respublikanın cənub ərazilərində daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir”.

“Eyni zamanda, qeyd edim ki, fərdi yaşayış evlərinin qiymətinin də torpaq sahələrinin qiymətinə təsiri var. Fərdi yaşayış evlərinin tikintisində torpaq sahələri xüsusi çəkiyə malik olur. Hətta satış qiymətləri ilə yanaşı, kirayə mənzil bazarında da qiymət artımı müşahidə edilir. Düşünürəm ki, bu proses növbəti illərdə də davam edəcək. Çünki tələb artsa da, təklif azalıb”, – deyə ekspert əlavə edib.

Lakin onun sözlərinə görə, bölgələrdə yaşanan bu tendensiya Bakıdakı qiymətlərə təsirsiz ötüşəcək: “Adətən, yay aylarında Azərbaycanda torpaq və evə tələb azalır, qiymətlər stabilləşir. Qalan dövrlərdə isə bunun əksi müşahidə edilir”.

Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov isə deyir ki, turistik rayonlarda qiymət artımının əsas səbəbi belə yerlərdə otellərin sayının azlığı ilə əlaqədardır. Say az olduqda, fərdi evlər və fərdi villaların günlük kirayə və satış qiymətində istər-istəməz qiymətlər də yüksək olur. Bundan başqa, havaların bu il Bakıda o qədər də isti keçməməsi yerli əhalinin də bölgələrə axınına təsir edib.

Öncəki illərlə müqayisədə əhali Bakıda çimərlikətrafı ərazilərə deyil, bölgələrə üz tutur. Xarici turist axının olması da bu məsələdə təsirsiz deyil”.

“Amma qeyd edim ki, kirayə üçün aylıq qiyməti günə böldükdə sutkalıq verilən evlərin qiymətinin ondan daha yüksək olduğunu görə bilərik”, – deyə o əlavə edib.

O bu qiymətlərin Bakıya təsirindən də söz açıb: “Hər il avqustun sonlarından mayadək Bakıda evlərə tələbat yüksək, təklif isə az olur. Bu da tələbə axını ilə əlaqədardır. Nəticədə də Bakıda xüsusən də kirayə mənzil bazarında qiymətlər yüksəlir. Öncəki 2-3 illə müqayisədə qiymətlərin Bakıda yüksək olmasının digər səbəbi isə kirayə və mənzil bazarında olan köhnəlmiş evlərin sökülməsi ilə əlaqədardır. Bu səbəbdən də son 2-3 ildə qiymətlərdə 20-30 faizədək artım müşahidə edilir”.