Rusiya Federasiyasından avtomobil yolu ilə Azərbaycana gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunan vətəndaşlar Nabran istirahət zonasındakı turizm mərkəzlərinə yerləşdiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda 6 otel və mehmanxana tipli istirahət mərkəzində 820 nəfər karantindədir. Onlara koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib. Əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq karantinə alınan şəxslərin temperaturu hər gün ölçülür, onların səhhətində baş verən dəyişikliklər diqqətdə saxlanılır. Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilir.
Karantinə alınanlardan 10 nəfərində yüksək temperatur müşahidə olunduğu üçün həmin vətəndaşlar Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Sosial izolyasiya tədbirləri ilə əlaqədar xarici ölkələrdən gələn vətəndaşlar 14 gün karantin şəraitində saxlanılır.
Rusiyadan avtomobil yolu ilə gələn bir qrup vətəndaş isə Qubadakı istirahət mərkəzlərində yerləşdirilib. Həkim qrupları gün ərzində fəaliyyət göstərir.
Burada yerləşdirilən şəxslərin 13-də yüksək temperatur müşahidə edildiyindən onlardan lazofaringial yaxma götürülərək Xaçmaz Regionlararası Taun Əleyhinə Dispanserə göndərilib.
Karantinə alınan vətəndaşlarımız üçün istirahət mərkəzində yüksək səviyyədə şərait yaradılıb. Qidalanma, gigiyenik vasitələrlə təchizat və tibbi xidmətlə bağlı hər hansı çətinlik yoxdur. Həmçinin vətəndaşlar TƏBİB tərəfindən bütün zəruri dərman preparatları ilə təchiz edilib.
Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.