VUR-TUT, 10-15 EV, BİR KİLSƏ, BİR DƏ HAMAM VAR
Kinerma kəndi
Rusiyanın şimalındakı Kinerma adlı qədim kəndə o qədər turist gəlir ki, kənd sakinləri onları qarşılayıb yerbəyer etməkdə aciz qalıblar. Buradakı yüzillik tarixə malik evlərə tamaşa etmək istəyənlər həmişə çox olub. Lakin ötən ilin yayında Kinerma “Rusiya Federasiyasınınən gözəl kəndi” adı aldıqdan sonra bu istəkdə olan insanların sayı xeyli artıb.
BU KƏNDƏ GƏLƏN MİNLƏRLƏ TURİSTİ 5 NƏFƏR QARŞILAYIR
Kareliyada yerləşən bu kənddə, vur-tut, 10-15 ev, bir kilsə, bir də hamam var. Sakinlərin sayı bundan da azdır – cəmi 5 nəfər. Bunlardan biri kəndin ağsaqqalı – 84 yaşlı İvan Yershov-dur. Digər dörd nəfərsə Kalmıkovlar ailəsinin üzvləridir. Sakinlərin sayı bir əlin barmaqları qədər olsa da, buranı görməyə gələnlərin sayı minlərlədir. Özü də Yaponiyadan tutmuş, Amerikayadək dünyanın ən müxtəlif ölkələrindən.
İnna və Aleksey adlı turistlər bu kəndi ilk dəfə görüb heyran qalanlardandır:
“Biz Moskva vilayətinin cənubundan gəlmişik. Şimalda insanların necə yaşadığını, dondurucu soyuqda necə ömür sürdüyünü öyrənməyə, burdakı evləri görməyə gəlmişik”.
“ÇAĞRILMAYAN QONAQLAR” DA VAR
Kəndin digər qonaqları kimi, onlar da səfərlərindən razıdırlar. Kalmıkovlar ailəsinin böyüyü İvan Kalmıkov onlara bələdçilik edir, xama və “pirojki”yə qonaq edir. Kalmıkov etiraf edir ki, “Ən gözəl kənd” – adı alandan bu yana, kəndə gələnlərin sayı o qədər artıb ki, hamısına vaxt ayırmaq onun fiziki imkanlarını aşıb. Ona görə də ailənin iki yeniyetmə övladı da işə qoşulub.
“Gələnlərin hamısını dəqiq saymamışıq. Amma təqribi deyə bilərəm ki, iyul-avqust aylarında günə orta hesabla 26 nəfər düşürdü, ümumilikdə min nəfər olar”, – kəndin tək sahibəsi Nadejda Kalmıkova-nın sözləridir.
100 İLLİK TARİXİ OLAN EVLƏR
Bu min nəfər planlaşdırılmadan gələn turislərin sayıdır. Səfərini öncədən planlaşdırıb Kalmıkovlara qonaq olanların sayı isə ildə 3 minə yaxın olur. Bəzilərinə kəndin yeganə qonaq evində, gerçək Kareliya kottecində gecələmək də qismət olur.
Nadejda deyir ki, əsas məsələ kəndi qoruyub saxlamaqdır. O, elə buna görə 10 il qabaq doğma Kinermaya qayıdıb. Kalmıkovların sözlərinə görə, turist qəbulu kəndin yüz və bəzən hətta iki yüz il tarixi olan evlərini qorumağa xidmət edir.
GƏLİRLƏR NECƏDİR?
Hələlik, turistlərdən gələn xırda-para gəlir yalnız bəsit təmir işlərinə yetir. Doğrudur, Kinerma sakinlərinin yerli icra hakimiyyəti orqanlarından elə bir gözləntiləri yoxdur. Təkcə kilsə zənglərinin bərpası üçün vilayətin mədəniyyət nazirliyindən kömək umurlar.
Nazirliyin turizm idarəsinin rəisi Yekaterina Bektemirova isə büdcənin ixtisar edildiyi və maaşların azaldıldığı bir şəraitdə bunu, hələlik, mümkün saymır. Bununla belə, turist obyekti olduğundan və pul qazandırdığından, bu istiqamətdə düşündüklərini də əlavə edir.
KƏNDİN SAKİNLƏRİ ARTA BİLƏR
Kalmıkovları isə daha çox yeni mövsümə hazırlıq düşündürür, axı turist axınının artacağı indidən bəllidir. Buna görə də sakinlərə əlavə köməkçilər lazımdır. Amma bu köməkçilərin Kinermada qalmasına şərait yoxdur. Bütün ümidlər qonşu kənddə yaşayan Pritupovlar ailəsinədir. Ötən il onlar burada yeni bir evin özülünü töküblər. Bir neçə il sonra isə tam köçüb bura gəlməyi planlaşdırırlar…