Rusiya

Türkiyə

Qardaş ölkənin iqtisadiyyatının “anatomiyasına” baxanda görürük ki, Türkiyə qlobal virus böhranından ən çox itki görə biləcək ölkələrdən biri olacaq. Keçən il Türkiyə 180 mlrd. dollarlıq ixrac edib. İxracatda Avropanın payı 48%-ə yaxındı, ən çox ixrac Almaniyaya olunub. Avropada qeyri-ərzaq satışları durma nöqtəsinə gəlib. Türkiyənin ən çox ixracı məhz avtomobillər, məişət texnikası, geyim və tekstil məmulatlarıdır. Avtomobil ixracı tam dayanıb, hətta istehsalı da dayandıran şirkətlər var, tekstik istehsalı da durma nöqtəsinə gəlib, Avropa pal-paltar almır, yaxın həftələrdə də satışların bərpa olunması mümkün görünmür. Türkiyə iqtisadiyyatında ən böyük multiplikativ effektə malik olan sahə turizmdir – mövsümün pik dövründə ölkədə 11 mln. insan birbaşa, və ya dolayısı ilə turizm sektorunda çalışır. Sektor çöküb, mövsüm həmişə martda açılırdı, indi aprelə ertələnib, amma bu da mümkün deyil – bu il dünya üzrə turizm tam çökəcək, postvirus dövründə belə insanların səyahət fobiyasının qırılması aylar alacaq. Deməli, Türkiyədə həm ixrac, həm turizm ciddi çökmə yaşayacaq. Sərhədlərin bağlı olması aqrar sektora da təsir edib – meyvə-səbzə ixracı son 2 həftədə 60% azalıb. Aqrar sahədə də təqribən 8 mln. vətəndaş çalışırdı, logistika və pərakəndə satışı da qatsaq 10 mln. nəfər bu sahədə pul qazanırdılar. Türkiyənin digər lokomotiv sektoru olan tikinti sahəsi hələ ki, işini tam dayandırmayıb, amma satışlar dayanıb, xarici müştərilər daşınmaz əmlak alışını tam dayandırıblar. Daxili təlabat var, amma insanlar gözləmə mövqeyi tutub, heç kim əlində olan nəğd vəsaiti xərcləmək istəmir – çünki, böhranda “nəğd kraldır”. Bir sözlə, qardaş ölkədə bu il iqtisadiyyat ciddi daralacaq, lirənin dollar qarşısında məzənnəsi daha da aşağı düşəcək. Bir dolların 7,5 lirə olması mümkündür. Çünki ölkənin xidmət sektoru çox gec relsə düşəcək, əvvəlki qaydaya düşməsi aylar çəkəcək.

İran

Qonşu və tarixən bizə çox yaxın olan ölkədə pandemiyanın pik həddi hələ qarşıdadı, İrana qarşı sanksiyalar davam etdiyindən qonşu ölkədə iqtisadi fəsadlar daha ağırdır.

Son hesablamalara görə İranda işsiz insanların sayı ölkədə əmək qabiliyyətli insanların sayının 20%-nə çatıb. İranın daxili istehsalı primitiv də olsa var, hələ ki, daxili təlabatı pis-yaxşı ödəyə bilirlər. Əgər sanksiyalar götürülməsə İran iqtisadiyyatı bu ilin sonuna 30%-ə yaxın darala bilər, bu da çox böyük iqtisadi fəlakət sayılacaq. İşsizlik və qida çatışmazlığı yaxın aylarda ən böyük problem olacaq.

Rusiya

Şimal qonşumuzun ən böyük problemi tək neft-qazdan asılılıq, tək ucuzlaşan enerji daşıyıcıları qiymət deyil, əsas problem “kölgə iqtisadiyyatı”, qeydiyyatsız iş yerləridir. Orta və kiçik sahibkarların dəqiq sayı, dövriyyəsi bilinmir, iqtisadiyyatın strukturu primitivdir. Tək keçən həftə Rusiyanın valyuta ehtiyatları 29,5 mlrd. dollar azalıb – bu trend davam edəcək.

Virusla da bağlı Rusiyada pik nöqtə hələ qabaqdadır – hələ də 107 min Rusiya vətəndaşı xaricdən ölkəyə qayıtmağı gözləyir. Əksəriyyəti də virusun çox yayılmış ölkələrdən gəlirlər. Rusiyanın ənənəvi başıpozuqluğu, rusiyalıların intizamsızlığı hələ virusun nə qədər yayıldığını real rəqəmlərlə deməyə imkan vermir. Məncə, Rusiya virusun ən gec yayıldığı, beləliklə də ən gec virusdan qurtulacağı ölkə olacaq. Belə olsa, əgər Avropa və Çin virusa daha tez qalib gəlsələr bir müddət Rusiyanı izolyasiyada saxlayıb o ölkə ilə turist mübadiləsini saxlayacaqlar. Hətta iqtisadi münasibətlər də minimuma endirilə bilər – bunun üzərinə hələ uzun zaman aşağı səviyyədə qalacaq neft-qaz qiymətlərini də gəlsək Rusiyanın vəziyyəti çox ağır olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin