Passport Index saytında sahiblərinin üzünə sərhədləri açan pasportların reytinqi dərc edilib.
Dünyada siyasi vəziyyətlə yanaşı, bu və ya digər ölkəyə giriş qaydaları da dəyişir.
193 ölkənin və 6 ərazinin (Makao, Kosovo və s.) daxil olduğu pasport reytinqi BMT-nin siyahısına əsaslanıb.
Pasport sahibləri əvvəlcədən viza almadan daxil ola biləcəyi ölkə üçün xal verir. Vizasız rejimlərlə yanaşı, aeroportda alınan vizalar da nəzərə alınır. Belə ölkələrin sayı çox olduqca pasportun reytinqi də yüksək olur. Son ildə vəziyyət ümumilikdə elə də dəyişməyib: dünyada sərhədlərinin çoxunun açıq olduğu “nüfuzlu” pasportların sahibləri əvvəlki kimi Qərbi Avropa və Şimali Amerika sakinləridir. Asiya ölkələri arasında isə Sinqapur, Cənubi Koreya və Yaponiya liderlik edir. Bu pasportların sahibləri 156-158 ölkəyə vizasız səfər edə bilərlər.
Reytinqdə ən böyük irəliləyişi Ukrayna edib. Əgər daha öncə bu ölkənin vətəndaşları 85 ölkəyə vizasız səfər edə bilirdisə, indi bu göstərici 119 olub. Bunun sayəsində Ukrayna 48-ci pillədən 30-cu pilləyə qalxıb. Bu yaxınlarda Avropaya vizasız rejim hüququ əldə edən Gürcüstan pasportlarının sahibləri isə 104 ölkəyə səfər edə bilərlər.
Azərbaycan bu reytinqdə 65-ci yerdədir, vətəndaşlarımız 64 ölkəyə vizasız səfər edə bilərlər.