Heç kim sənədlərini itirməkdən sığortalanmayıb.
Əlbəttə ki, bu hallardan ən xoşagəlməzi sərhəd ərazisində, hava limanında xarici pasportu itirməkdir. Belə olan halda bu vəziyyətdə həyəcanlanmaq yerinə, nə etməli olduğunuzu bilməyiniz mövcud olan çətin vəziyyətdən çıxmağınıza kömək edə bilər.
Birinci addım – Polisə müraciət etmək
Sərhəd ərazisində sənədləriniz və xarici pasportunuz itibsə, ilk əvvəl vəziyyəti yerli polisə izah edin. Pasport həmin an tapılmayacaq. O zamana qədər müvəqqəti şəxsiyyət haqqında şəhadətnamə almalısınız. Polis sizə lazımi sənədi almaq üçün müraciət formasının yazılma qaydasını izah edəcək. Həmin müraciət formasını iki nüsxə çıxarın. Biri səfirlik, digəri yeni pasport çıxanadək vətənə geri döndükdə Dövlət Miqrasiya Xidmətinə lazım olacaq.
Onu da əlavə edək ki, əgər pasportunuz itməyib, oğurlanıbsa, bu zaman siz itən əşyalarınız haqda da izahat yazmalısınız.
İkinci addım – Dəlillər toplamaq
Səfirliyə müraciət etməmişdən əvvəl hansı sənədləri toplamalı olduğunuzu bilməlisiniz:
– İki ədəd fotoşəkil;
– Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s . bu tip hər hansı şəxsiyyətinizi təsdiq edən sənəd (içərisində adınız, soyadınız, şəkliniz olan);
– Varsa, xarici pasportun sürəti (ehtiyatlı səyahətçilər belə durumlara hazır olur).
Şəxsiyyətinizi təsdiq edən bu sənədlər, əlbəttə, işə yarayır. Lakin bu yetərli olmadığı halda, kimliyinizi təadiq etmək üçün iki şahid lazım ola bilər. Onların sizin qohumunuz, dostunuz olması mütləqdir. Yaxud da kimdənsə şahidlik etməsini xahiş edə bilərsiniz. Lakin tək səyahət etdiyiniz zaman sadalanan halların heç biri işinizə yaramaya bilər. Bu zaman Azərbaycandakı yaxınlarınıza zəng vurub, şəxsiyyət vəsiqənizin sürətini faks və ya elektron poçtla yollamalarını istəyin.
Üçüncü addım – Səfirliyə müraciət etmək
Səfirliklər, adətən, günortaya qədər işləyir. Belə hallar ekstremal hal sayıldığı üçün əvvəlcədən qəbula yazılmaq üçün müraciət etmək vacib deyil. Çünki sizi növbəsiz də qəbul edəcəklər.
Bu mərhələyə qədər hər şey qaydasında getsə, növbəti mərhələdə sizə vətənə dönmək üçün icazə sənədi verilə bilər. Bu müvəqqəti sənəd 14 günlük (2 həftəlik) olur.
Dördüncü addım – Dövlət Miqrasiya Xidmətinə getmək
Ölkəyə qayıtdığınız zaman ilk olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət etməlisiniz. Məsləhət olaraq bildirək ki, “xarici pasportumu oğurlayıblar”, – əvəzinə, onu itirmişəm”, – deyəsiniz. Çünki oğurlanma hallarında polis pasportu üç ay ərzində tapmalıdır. Ancaq bundan sonra yenisi verilir. İtirmə hallarında isə 14 iş günü ərzində yeni pasportunuzu əldə edirsiniz.