“Sabah Dövlət Bayraq Günü ilə əlaqədar Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” qaçış marafonu keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, milli parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaqdır. İnsanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaqdır. Milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
İ.İbrahimova bildirib ki, “Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçirilən marafona “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək.
Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq.