Ev Ölkələr Azərbaycan “Şıxov”da çimərliklərə giriş neçəyədir? – QİYMƏTLƏR

“Şıxov”da çimərliklərə giriş neçəyədir? – QİYMƏTLƏR

  “Şıxov”da çimərliklərə giriş

Paytaxt Bakı dənizə yaxın olması baxımından bəxti gətirən şəhərlərdən sayılır. Çünki heç də bütün şəhərlərdə dəniz kənarında qum olmur. Buna görə də Bakının dəniz sahillərinə nəinki yerli əhali, həmçinin şəhərimizin qonaqları da böyük maraq göstərirlər.

Bakı

 

Müşahidələr göstərir ki, şəhərə daha yaxın olduğu üçün insanlar “Şıxov” adlanan ərazidəki çimərliklərə daha çox üz tuturlar. Məlumat üçün bildirək ki, “Şıxov” ərazisində iki baxımsız sahədən başqa, bütün yerlər ödənişlidir və bu yerlərdə səliqə-səhman müşahidə olunur.

Mambo Beach Club & Restaurant

Mambo Beach Club

Bu məkanda insanlar dənizdə çimməklə yanaşı, restoran xidmətlərindən də istifadə edə bilərlər. “Mambo” çimərliyinə giriş 20 manatdır. Bu qiymətə günəş çarpayısı və masalardan istifadə, geyimdəyişmə otağı və duş daxildir. İstirahət mərkəzi axşam 6-ya kimi fəaliyyət göstərir.

“Dostluq” İstirahət Mərkəzi

Dostluq istirahət mərkəzi

Mərkəzdə çimərliyə giriş 5 manatdır. Bu qiymətə günəş çarpayısı, geyimdəyişmə otağı və duş daxildir. Masa üçün əlavə 5 manat ödəniş tələb olunur. Bundan başqa, müştərilərə hovuz da təqdim olunur. Hovuzdan istifadə isə 10 manatdır. İstirahət mərkəzində müştərilərə axşam 8-ə kimi xidmət olunur.

The Crescent Beach Hotel & Leisure Resort

The Crescent Beach Hotel

Hotelin xidmətindən istifadə etmədən də çimərlik ərazisinə daxil olmaq olar. Bu zaman adambaşına 5 manat ödəmək lazım gələcək. Bu qiymətə günəş çarpayısı, duş və geyimdəyişmə otağından istifadə daxildir. Masalardan istifadə üçün isə əlavə 5 manat ödəmək lazım olacaq.

“1001 Gecə”

1001 Gecə

“1001 Gecə” çimərliyinə giriş adambaşına 3 manatdır. “Şıxov”da yerləşən digər istirahət mərkəzlərindən fərqli olaraq, burada müştərilərə gecə saat 12-dək xidmət göstərilir. Çimərlik ərazisində 12-dən sonra da qalmaq olar. Sadacə, heç nə almaq olmur. Çünki 12-dən sonra artıq kassalar bağlanır.

Aqua Park Şıxov

Çimərlik ərazisinə giriş 15 manatdır. Bu qiymətə aqua parkdan istifadə də daxildir. İstirahət mərkəzində avtomobil park edə bilmək üçün əlavə 3 manat da ödəmək lazımdır. Axşam 8-də isə kassalar bağlanır.

“Eldorado” İstirahət Mərkəzi

“Eldorado” istirahət mərkəzinə giriş 2 manatdır. Avtomobil park etmək üçün xüsusi bir məbləğ yoxdur. Kim nə qədər istəsə, verə bilər.

Qeyd edək ki, adları sadalanan çimərlik mərkəzlərində kababların 1 şişi 6-8 manat, pivələr 3-4 manat, energetik içkilər isə 2-3 manat arasında dəyişir.

Ramada Hotel

Ramada Hotel

Hoteldə dəniz mənzərəli nömrələrdə qonaqlamaq 200-250 manatdır. Bu qiymətə səhər yeməyi hovuzlardan fitness zaldan və çimərlikdən istifadə daxildir. Həmçinin, mehmanxanada qalmadan da hotelin fitness zalından istifadə etmək olar. Bu zaman həftəiçi bir giriş 20 manat, həftəsonu isə 30 manat ödəmək lazım olacaq. Bu qiymətə idman zalından, saunadan, hovuzdan və çimərlikdən istifadə daxildir.

Cimərlik geyimləri neçəyədir?

Bu arada, istirahətə gələrkən çimərlik geyimlərini unudanlar və ya təsadüfən çimərliyə gələnlər heç də narahat olmasınlar. İstirahət mərkəzinin yaxınlığında həm qadınlar, həm də kişilər üçün çimərlik geyimləri satılır. Belə ki, kişi şortlarının qiyməti 5-10 manat arasında dəyişir. Qadın geyimlərinin qiyməti isə 15-25 manatdır. Uşaqlar üçün xilasedici hava şarları 3 manat, böyüklər üçün isə 5 manatdır. Topların qiyməti isə 1 manatdır.