“Skal İnternational” turizm peşəkarları təşkilatının Bakı klubunun ənənəvi illik toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, 24-cü dəfə toplanan Azərbaycan skalçıları klubun birillik fəaliyyətinə nəzər salıblar, eyni zamanda növbəti ildə həyata keçirəcəkləri layihələr barədə toplantı iştirakçılarına məlumat veriblər.
Azərbaycan Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Turizm və Menecment Universitetinin, Milli QHT Forumunun, turizm agentlikləri və hotellərin nümayəndələrinin də qatıldığı tədbirdə “Skal Bak”nun sədri Ceyhun Aşurov bildirib ki, 1934-cü ildə yaradılan “Skal İnternational” turizm peşəkarları təşkilatı dünyada ən uzunömürlü qurumlardan biri hesab olunur. Onun sözlərinə görə, hazırda təşkilatın 80 ölkədə 315 klubu və 15 mindən çox üzvü var. “Skal İnternational” turizmin bütün istiqamətlərini özündə birləşdirir.
