Ev Turizm Xəbərləri Son illər Bakıda vəhşi tikinti bumunun qurbanı olmuş tarixi binalar…

Son illər Bakıda vəhşi tikinti bumunun qurbanı olmuş tarixi binalar…

Bakı

Hər binanın özünün bir tarixi, eləcə də həyatı, milli, ictimai əhəmiyyəti var. Bakıda son illərə qədər, yəni paytaxtımızı başına götürən tikinti bumu başlayana qədər qədim və orta əsrlər, eləcə də XIX əsr intibahının yadigarı olan binalar qalmaqda idi. Çox təəssüflər olsun ki, işbazlar əllərinə keçən fürsətdən istifadə edərək Bakının tarixi binalarına, sözün əsl mənasında, divan tutmağa başladılar.

Bakıda sökülən tarixi binaların yerində isə otellər, restoranlar, şadlıq evləri, ticarət mərkəzləri, əyləncə məkanları inşa edildi. Hətta şahidlərin sözlərinə görə, tarixi binaların sökülməsi olduqca çətin olub. Buna səbəb isə o binaların özülünün həddindən artıq möhkəm olması, inşasında təbii materiallardan istifadə edilməsi olub. O da bildirilir ki, tarixi binalar sökülərkən onların bəzilərinin yerləşdiyi ərazinin özündə yeraltı abidələr olub, həmin abidələr də bina qarışıq yerlə yeksan edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən Bakının sökülən, yerində “göydələnlər”, digər obyektlər inşa edilən tarixi binalarının da məsələsinə toxunub.

“Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın” – deyə bildirən Prezident İlham Əliyev bildirib ki, bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər çoxmərtəbəli binalar tikirlər: “Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər YUNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə, ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə “Azəravtoyol” Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaq”.

Bakıda hansı tarixi abidə sayılan binaları söküblər və yerində nələr tikiblər? O dağıdılmış binaların yerində inşa edilən binaları, “göydələnlər”i, otel və restoranları sökərək yerində həmin qədim binanın oxşarını inşa etmək nə qədər mümkündür?

Memarlar bizimlə söhbətində bildirdilər ki, Bakıda dağıdılan binaların əksəriyyəti tariximiz üçün böyük əhəmiyyət daşıyıb. Lakin bəzi işbazların tarixi binalara qarşı laqeyd münasibəti sayəsində Bakıda onlarla tarixi bina məhv edilib.

Memarlar vurğulayırlar ki, paytaxtdakı yüzlərlə tarixi bina, eləcə də memarlıq abidələri müasir işbazların, iş adamlarının qurbanı olub, onların yerlərində otellər, ticarət mərkəzləri, başqa obyektlər inşa edilib.

Aidə Əhmədova: “Bir çoxları kimi, Tağıyevin də tikdirdiyi yaşayış binalarının bir qismi müstəqillikdən sonra işbazlar tərəfindən sökülərək yerində yeni bina inşa edilib”

Sənətşünas Aidə Əhmədova bizimlə söhbətində bildirdi ki, Bakıda baş verən tikinti bumu şəhərin tarixi binalarının məhvinə və şəhərin tarixi gözəlliyinin pozulmasına səbəb oldu. Ölkə başçısının bu cür ciddi məsələni yenidən vurğulamasının və diqqət mərkəzinə gətirməsinin əhəmiyyəti böyükdür. Ölkə başçısının verdiyi mesajlardan tikinti ilə məşğul olan bütün şirkət rəhbərlərinin nəticə çıxarmalı olduğunu deyən A.Əhmədovanın sözlərinə görə, tarixi binaları dağıdıb onun yerində müasir binalar tikən işbazlar, əslində, bununla dövlətə, xalqa, tarixə xəyanət etmiş oldular. O vurğuladı ki, uzun müddətdir bəzi işbazlar Bakının tarixini silməklə məşğuldurlar. Milyonçuların bizim üçün tikib, miras qoyub getdikləri tarixi binaların “müasir milyonçu”ların qurbanı olduğunu deyən sənətşünas qeyd edir ki, bu gün Bakıda Şəmsi Əsədullayevin, Musa Nağıyevin, Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun inşa etdiyi binaların çoxunun yerində “göydələnlər”, otellər ucalıb. “Lakin təəssüf ki, Bakıda bir çox milyonçunun, o cümlədən də Tağıyevin inşa etdirdiyi binaların bəziləri məhv edilib. Bir çoxları kimi, Tağıyevin də tikdirdiyi yaşayış binalarının bir qismi müstəqillikdən sonra işbazlar tərəfindən sökülərək yerində yeni bina inşa edilib. Məsələn, Neftçilər prospekti 95/97 ünvanında yerləşən, hazırda sökülmüş olan binaları da 1880-ci illərdə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib. Bilirsiniz ki, Bakıda, ümumiyyətlə, ölkədə mövcud olan tarixi binaların böyük əksəriyyətinin dövlət qeydiyyatına alınmaması işbazlara şərait yaradıb ki, onlar bu binaları söküb yerində eybəcər, heç bir estetik gözəlliyi olmayan binalar inşa etdirsinlər”.

Ekspert qeyd etdi ki, Köhnə Çadrovı, indiki M.A.Əliyev 102 ünvanındakı qədim tikililər də işbazların qurbanı olub. Bu binaların sırasında Azərbaycan SSR-in Xalq artisti Abbaş Mirzə Şərifzadənin evinin də olduğunu deyən ekspert bildirdi ki, Mirzağa Əliyev küçəsi 115-də yerləşən bu bina da yox edilib. Onun sözlərinə görə, M.Əliyev küçəsi 124 ünvanında yerləşən və 1900-cü ildə inşa edilmiş mesenat Təhməzov qardaşlarının 3 mərtəbəli sarayı da yoxdur. O dedi ki, Gəncədə şərabçılıqla məşğul olan, kasıblara kömək edən, gəncləri oxumağa göndərən Təhməzov qardaşlarının binası Azərbaycanın tarixi memarlıq abidələrinin siyahısında olduğuna baxmayaraq, sökülüb.

Əvvəllər Nijnaya Tazapirskaya küçəsi adlanan küçədə tikilən tarixi binalardan biri də tarixə qovuşub. Bina iki qardaşa məxsus olub. Onların müsavatçı olduğu bildirilir. 1920-ci ildə “Qırmızı ordu” Bakıya gələrkən buradan qaçıblar. Belə gözəl tarixi bina isə işbazlar tərəfindən dağıdılıb.

Qeyd edək ki, “Tarix, mədəni və təbii irsi qoruma” İctimai Nəzarət Komitəsinin icraçı direktoru Aytəkin İmranova bizimlə söhbətində qeyd etdi ki, dövlət qeydiyyatına alınan bu tarixi binaların yerində bu gün müasir otel və “göydələnlər” ucalır: “Əvvəllər bütün bu binalar siyahıya alınırdı. Onlar tarixi memarlıq nümunəsi kimi qorunurdu. Nəinki onları sökmək və ya dağıtmaq, onlar üzərində heç təmir işləri də aparmağa izin yox idi. Restavrasiya işləri də ancaq həmin abidənin ilkin görünüşünə xələl gətirməmək şərtilə aparıla bilərdi. Müstəqillikdən sonra da həmin abidələrin siyahıya alınması barədə qərar qəbul edilməli idi. Ancaq yarımçıq qaldı. Bu bir yana, indi həmin tarixi abidələrə münasibət o səviyyədədir ki, hətta təmir işləri aparılarkən belə onların tarixiliyi nəzərə alınmır. Dövlət qeydiyyatına alınsa belə, bu abidələr qorunmur. Onlara münasibətdə ögeylik nümayiş etdirilir”.

Ekspertin vurğuladığına görə, tarixi memarlıq abidəsi sayılan bir gimnaziya var idi ki, onu da söküb tamamilə təhrif etdilər. “4 fəsil” oteli üçün şəhərin mərkəzində 40-a yaxın irili-xırdalı gözəl tarixi abidələr sökdülər” – deyə ekspert qeyd etdi.

Ekspertlər qeyd edirlər ki, Muxtarov küçəsi 83-də “Yuğ” teatrının yerləşdiyi tarixi bina da işbazlar tərəfindən sökülüb. O binanın əsası 1888-ci ildə qoyulmuşdu və XIX əsr Azərbaycan memarlığını ifadə edirdi. Fərəculla hamamı kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı.

Cəfər Qiyasi: “İşbazlar tərəfindən inşa edilən binaların sökülərək yerində əvvəlki tarixi binaların təkrar inşa edilməsi mümkün deyil”

Tanınmış memar Cəfər Qiyasi “Bakı-Xəbər”ə bildirdi ki, son illər Bakıda işbazlar tərəfindən bir sıra tarixi binalar sökülərək yerində yeni binalar inşa edilib. O binaların adlarını konkret olaraq çəkməyən C.Qiyasinin sözlərinə görə, işbazların məhv etdiyi binaların sayı çoxdur: “Bu binaların sayı çoxdur. Bakıda həqiqətən də bir sıra tarixi binalar sökülərək yerində otellər, restoranlar, “göydələnlər” tikilib. İşbazlar tərəfindən inşa edilən binaların sökülərək yerində əvvəlki tarixi binaların təkrar inşa edilməsi mümkün deyil. Çünki o binaları yenidən tikmək mümkün deyil. Əvvəla biz bu binaları yenidən inşa etmiş olsaq, onların tarixiliyini, əvvəlki görkəmini verə bilmərik. Əgər tarixi bina yarıuçuq vəziyyətdədirsə, onu yenidən bərpa etmək mümkündür. Bir də ki, o otelləri, “göydələnlər”i sökmək özü mümkün deyil. Ancaq bundan sonra tarixi binaların mühafizəsi, qorunması ilə bağlı diqqətli olmaq lazımdır ki, işbazlar bir də onlara əl uzatmasınlar” -deyə C.Qiyasi qeyd etdi.