Hərdən kəndimizin və gölün şəklinə baxanda yaxşı mənada təəccüblənirəm. Deyirəm, görəsən, bu, mənim illərdir, ətrafında yaşadığım göldür?! Sosial mediada o qədər gözəl şəkillər paylaşılır ki…
Bu fikirləri Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “5 Mövsüm” tur şirkəti tərəfindən həyata keçirilən “Şəhərdən kəndə” layihəsi çərçivəsində tur zamanı evində qonaq olduğumuz İsmayıllı rayonu Təzəkənd sakini Ramtiq Alızadə deyib.
Son zamanlar Azərbaycanda aqrar ekoturizmə maraq getdikcə artmaqdadır. Odur ki, Azərbaycanda aqro-ekoturizmin inkişafına dəstək məqsədilə turlar həyata keçirilir.
Bu dəfə qatıldığım tur İsmayıllı rayonunun Təzəkənd kəndinə oldu.
Nəhayət, gəlib Təzəkəndə çatdıq.
Bizi evində qonaq olacağımız Ramtiq Alızadə qarşıladı. Həyətə daxil oluruq. Bizi kənd evinin üzərindəki “Qonağımız olun” lövhəsi qarşıladı.
1936-cı ildə salınmış kənd Bakı-İsmayıllı magistral yolunun üzərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, sıx meşə massivinin ətrafında yerləşir. Kənd əhalisinin əsas dolanışıq mənbəyi təsərrüfatdır.
Ailənin bağçasından payız gözəlliyini əks etdirən Vəlbinə gölü görünür.
Tur iştirakçıları ailənin həyətdə yetişdirdikləri meyvə və tərəvəzlərin dadına da baxdılar. Bizə pomidor, xiyar, lobya, bibər, reyhanın əkini, becərilməsi, yığılması, qablaşdırılması barədə məlumat verdilər.
Ailənin hazırladığı ağartı məhsulları, mürəbbələr, çərəzlərdən alanlar da oldu.
Ramtiq Alızadənin sözlərinə görə, İsmayıllı rayonunun, kəndlərinin gözəl mənzərəsi və turistik imkanları var:
“Şəhərdən kəndə” layihəsi haqqında eşidəndə qərara aldıq ki, biz də layihəyə qoşulaq. Həyətyanı təsərrüfatımızla, həyətimizlə bağlı fotolar çəkib göndərdik. Mütəxəssislər təsərrüfatımızla tanış oldular, məsləhət verdilər. Həyətdə müxtəlif dekorativ işlər etdik. Bir neçə tur çərçivəsində qonaqlar qəbul etmişik”.
İlk turun həyəcanını hələ də unutmayan Ramtiq bəy deyir ki, ilk dəfə yağış yağsa da, ilk tur özünəməxsusluğu ilə seçilib:
