Ev Turizm Xəbərləri Soyuq şəhər kafesindən isti kənd evinə: Samovar çayı, göl qırağı… – REPORTAJ

Soyuq şəhər kafesindən isti kənd evinə: Samovar çayı, göl qırağı… – REPORTAJ

turizm

Hərdən kəndimizin və gölün şəklinə baxanda yaxşı mənada təəccüblənirəm. Deyirəm, görəsən, bu, mənim illərdir, ətrafında yaşadığım göldür?! Sosial mediada o qədər gözəl şəkillər paylaşılır ki…

Bu fikirləri Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “5 Mövsüm” tur şirkəti tərəfindən həyata keçirilən “Şəhərdən kəndə” layihəsi çərçivəsində tur zamanı evində qonaq olduğumuz İsmayıllı rayonu Təzəkənd sakini Ramtiq Alızadə deyib.

Son zamanlar Azərbaycanda aqrar ekoturizmə maraq getdikcə artmaqdadır. Odur ki, Azərbaycanda aqro-ekoturizmin inkişafına dəstək məqsədilə turlar həyata keçirilir.

Bu dəfə qatıldığım tur İsmayıllı rayonunun Təzəkənd kəndinə oldu.

Nəhayət, gəlib Təzəkəndə çatdıq.

Bizi evində qonaq olacağımız Ramtiq Alızadə qarşıladı. Həyətə daxil oluruq. Bizi kənd evinin üzərindəki “Qonağımız olun” lövhəsi qarşıladı.

1936-cı ildə salınmış kənd Bakı-İsmayıllı magistral yolunun üzərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, sıx meşə massivinin ətrafında yerləşir. Kənd əhalisinin əsas dolanışıq mənbəyi təsərrüfatdır.

Ailənin bağçasından payız gözəlliyini əks etdirən Vəlbinə gölü görünür.

Tur iştirakçıları ailənin həyətdə yetişdirdikləri meyvə və tərəvəzlərin dadına da baxdılar. Bizə pomidor, xiyar, lobya, bibər, reyhanın əkini, becərilməsi, yığılması, qablaşdırılması barədə məlumat verdilər.

Ailənin hazırladığı ağartı məhsulları, mürəbbələr, çərəzlərdən alanlar da oldu.

Ramtiq Alızadənin sözlərinə görə, İsmayıllı rayonunun, kəndlərinin gözəl mənzərəsi və turistik imkanları var:

Şəhərdən kəndə” layihəsi haqqında eşidəndə qərara aldıq ki, biz də layihəyə qoşulaq. Həyətyanı təsərrüfatımızla, həyətimizlə bağlı fotolar çəkib göndərdik. Mütəxəssislər təsərrüfatımızla tanış oldular, məsləhət verdilər. Həyətdə müxtəlif dekorativ işlər etdik. Bir neçə tur çərçivəsində qonaqlar qəbul etmişik”.

İlk turun həyəcanını hələ də unutmayan Ramtiq bəy deyir ki, ilk dəfə yağış yağsa da, ilk tur özünəməxsusluğu ilə seçilib:

turizm

“Hətta heç gözləməzdim ki, dəmlədiyimiz bitki çayı qonaqların daha çox xoşuna gələr. Çayın faydaları haqqında soruşurdular. Təsərrüfatımızda əkib-becərdiyimiz təbii məhsulların yetişməsi ilə tanış olur, onların dadına baxırlar.

Gələcəkdə qonaqların ürəyincə olan bir çox yeniliklər etməyi planlaşdırıram. İndiyə kimi ən çox bir tur çərçivəsində 28 nəfər qonaq qəbul etmişik. Artıq Vəlbinə gölü və kəndimizi tanıyırlar. Fərdi şəkildə də gəlib istirahət etmək istəyənlər olur”.

Ev sahibi deyir ki, gələcəkdə evlərində gecələmək üçün şərait yaratmaq da planları arasındadır.

Ocaqda bişən yeməklərlə nahar etdikdən sonra gəzə-gəzə Vəlbinə gölünə gedirik.

Yaşıllıqlar içində kiçik gölə turistlər də üz tutur. Payız olsa da, hələ də yaşıl yarpaqları qalan ağaclar var.

turizm

Tur iştirakçılarının bəziləri şəkil çəkdirir, bəziləri göl qırağında döşəkçə qoyub uzanıb, kimisi də tilovunu atıb balıq gözləyir… İstirahətə gələn inaanlar plastik butulka və digər məişət tullantılarını bura atıblar.

Beş mövsüm” tur şirkətinin bələdçisi Məsud Ağa isə deyir ki, aqrar ekoturim ölkəmiz üçün yenidir və onun inkişafı üçün “Şəhərdən kəndə” layihəsi çox əhəmiyyətlidir:

“Layihə başlayandan bizim şirkətimiz “Aqro” Tədarük və Təchizat ASC şirkəti ilə əməkdaşlıq edir. Artıq yaydan başlayaraq, 4-5 tur həyata keçirmişik. Ekoturizm deyəndə yüksək dağlıq ərazi nəzərdə tutulur. Bu turizm növünə dağ gölləri, yüksəkliklərdə yerləşən şəlalalərini görmək aiddir. Lakin ekoturizmdən fərqli olaraq, aqrar turizm növündə yaşayış yerlərinə səfərlər nəzərdə tutulur.

turizm

Turistlər kənd yerlərində ailələrin həyətyanı təsərrüfatı ilə yaxından tanış olur, kənd həyat tərzini yaxından görür. Təbiət gözəlliklərindən zövq almaqla yanaşı, həm də müxtəlif fəaliyyətlərə qatılır. Belə ki,insanların əylənməsi üçün əraziyə uyğun infrastruktur yaradılır. İnsanlar artıq yenilik axtarır, fərqli şəkildə istirahət etmək istəyirlər.

Odur ki, aqrar ekoturizm növünü seçənlər gəlib kənd evində istirahət edir, vaxtını səmərəli keçirir, razı qalırlar. Restoran və kafe mühiti ilə müqayisədə qonaqlar özlərini isti bir ailə mühitində hiss edirlər”.

Tura xaricdən qoşulan insanlar da var idi. Bizimlə səfər edən iki turist xanım Estoniyadan idi.

turizm

Bir neçə saatlıq göl qırağında gəzintidən sonra Ramtiq bəy və ailəsi bizi yenidən ətirli samovar çayına qonaq edir.

Çay süfrəsi ətrafında maraqlı söhbət edilir. Artıq hava tutqunlaşır, yavaş-yavaş yağış damlaları üzümüzü isladır. Vaxtdır. Bakıya yola düşürük…