Baden – Baden qədər gözəl … Baden
Əziz oxucular, bu dəfə sizə Baden şəhərindən danışacağam. “Şərikli çörək” filmindəki o məşhur “Baden-Badenin mavi gecələri” deyimi bu Baden haqqında olmasa da, şəhərin gözəlliyi Almaniyanın həmin o Baden-Badenindən heç də geri qalmır.
Baden İsveçrənin üç ən böyük çayından biri – Limmatın sahilində salınıb. Çay şəhəri iki yerə bölür, bunu başqa cür də demək olar: Limmat şəhəri iki fərqli zamana ayırıb. Limmatın sol sahili Orta Əsrlər dövrünün Badenidir – şəhərdə bürclər, istehkam qüllələri, həmin dövrün arxitekturasına uyğun yaşayış binaları və s. Çayın sağ sahili isə şəhərin nisbətən yeni salınmış məhəllələri ilə bəzənib. Baden əhalisi əsasən bu hissələrdə yaşayır. Məhəllələrə ətrafdakı üzüm bağları təbii gözəllik verir.
Baden şəhərinin adı şəhərin özündən bir xeyli cavandır. Şəhərin ilk adı romanca “Aquae Helveticae” olub, indi səsləndirdiyimiz ad isə 1040-cı ildən bəri eşidilir.
Baden XV – XVI əsrlərdə başqa bir səbəbdən məşhurlaşır, qaynayan mineral suları və bu sular ətrafında salınmış istirahət, spa mərkəzləri ilə hətta ətraf ölkələrdə də ün qazanır. Belə ki, alman yazıçı Göte, filosof Nitşe, Tomas Man və Herman Hessenin tez-tez Badenə gəldikləri, bu istirahət bölgələrində dincəldikləri deyilir.