Dünyanın bütün sahələrində olduğu kimi, koronavirus pandemiyası səyahət etməyi sevən insanların da əhval-ruhiyyəsinə maraqlı düzəlişlər edib. Turizm sahəsində fəaliyyət göstərən, yəni mehmanxanaların, hotellərin, ictimai iaşə müəssisələrinin fəaliyyətində məhdudiyyətlərə görə bir çoxları sadəcə təbiət qoynunda tətil etməyə başlayıblar. Bu baxımdan insanlar tərəfindən çadırlar, yataq çantaları, piknik üçün masalar və digər oxşar malların alınması müzakirə mövzusudur.
Bununla bağlı Sonxeber.az-a Azərbaycan Turizm Assosasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov danışıb:
“Bildiyimiz kimi ən çox zərbə turizm sektoruna dəyib. Bakıda fəaliyyət göstərən otellərin vəziyyəti daha ağırdır. Çünki Bakıdakı otellər əsasən gəlmə turistlərlə dolu olardı. İndi bildiyimiz kimi sərhədlər bağlıdır, sentyabrın 1-dək karantin qaydaları mövcuddur. Bakıda, ümumilikdə Abşeronda fəaliyyət göstərən otellər hazırda böhran vəziyyətindədir. Otellərin fəliyyəti haqqında sentyabrın 1-dən sonra məlumatlar ola bilər.
Regionlarda fəaliyyət göstərən otellərə gəldikdə isə deyə bilərik ki, Bakıdan regionlara gedənlərin yolu hələki bağlıdır. Açıq səmada restoranlar, kafelər, digər ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilib. Pikniklər əsasən təbiət qoynunda, çay qıraqlarında, meşələrdə təşkil edilir. Burada da problem Bakı şəhərindən çıxmaqdır. Avqust ayının 31-dək yollar bağlıdır, yəni məhdudiyyətlər var. Əgər yollar açılarsa, təbii ki, insanlar gedib açıq havada istirahət edə bilərlər. Çadır turizmini inkişaf etdirmək olar”.