Böyük britaniyalı diyetoloq və keçmiş stüardessa Sara Anderson uçuşa qədər, uçuş zamanı və uçuşdan sonra nə və necə yemək barədə danışıb. Bu barədə məlumatı RİA “Novosti” “Daily Mail”ə istinadla yayıb. Ekspert bildirib ki, uçuş orqanizm üçün stressdir, dad reseptorlarına təsir edir. Buna görə də səmada çox vaxt şirin və duzlu yemək istəyirsən. Güclü aclıq hissinin yaranmasına susuzlaşma da təsir göstərir.
Saranın sözlərinə görə, bu, insanların təyyarədə nə üçün çox yediyini izah edir. Qədərində yemək üçün uçuşdan əvvəl doyunca yatmaq, uçuşa bir neçə gün qalmış antioksidant və vitaminlərlə zəngin məhsullar, məsələn, smuzi, şirə və zülal tərkibli yeməklər yemək lazımdır. Rasiona bağırsaqların yaxşı işləməsinə kömək edən duzlu kələm və çuğundur, habelə zəncəfil və sarımsaq əlavə edilməlidir.
Sara təyyarə üçün xüsusi menyu – vegetarian, qlütensiz və ya başqa menyu seçməyi məsləhət görüb, çünki belə yeməklər daha dadlı və faydalı ola bilər. Təyyarə salonuna öz yeməyini, məsələn, pendir, soyutma yumurta və zeytun da gətirmək olar. Bunları hava limanında almaq mümkündür.
Təyyarədə tərkibində elektrolitlər olan şəkərsiz içkilər içmək daha faydalıdır. Belə içkiləri orqanizm yaxşı qəbul edir. Əl yükündə içməli su olan butulka götürmək olar.
Ekspert uçuşdan sonra bir gün ərzində çips və yarımfabrikat qidaları yeməməyi tövsiyə edir. Həmin müddətdə rasionda melatoninin səviyyəsini tarazlamağa və yuxunu bərpa etməyə kömək edən avokado, badam və hind toyuğu əti olmalıdır. Maqneziumun səviyyəsini qaldırmaq üçün tərkibində Himalay duzu və kokos yağı olan vanna qəbul etmək yaxşıdır.
Daha əvvəl “The Sun” nəşrinin yazdığına görə, qidanın təzəliyinə üstünlük verənlər uçuş zamanı xüsusi rasion sifariş etməməlidirlər. Çünki belə yeməklər adətən qabaqcadan hazırlanır və bir il müddətində dondurulmuş vəziyyətdə saxlanılır.
Nəşr ən iri aviaşirkətlərdən birinə istinadla yazır ki, diabetik, vegetarian, qlütensiz, veqan və milli yeməklər adətən bir müddətinə dondurulmuş məhsullardan hazırlanır.
Aviadaşıyıcının nümayəndəsi deyib: ”Xüsusi yeməklərin əvvəlcədən hazırlanması və dondurulması müştərilən istəklərini təmin etməyə imkan verir”. O əlavə edib ki, dondurulmuş məhsulun saxlama müddəti bir neçə aydırsa, deməli, xüsusi menyudakı yemək köhnədir, yəni təyyarədəki digər yeməklərlə müqayisədə təzə deyil. Aviasərnişinlər üçün standart yeməklər isə çox vaxt uçuşdan bir qədər əvvəl, adətən 12-72 saat əvvəl hazırlanır.