Tokioda “Cross Border Club” şirkətinin və Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın tibbi turizm imkanları mövzusunda seminar keçirilib.
Cross Border Club
Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamlarının qatıldığı seminarda “Cross Border Club”ın baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTACIN Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin təbii tibbi müalicə ocaqları barədə məlumat veriblər.
Əvvəlcə iştirakçılara Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, müasir səhiyyə ocaqları və bu müəssisələrdə yaradılan şərait barədə danışılıb. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin və Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi çoxsaylı layihələr ölkəmizdə tibbi xidməti dünya standartları səviyyəsinə qaldırıb. Bununla yanaşı, Azərbaycanda təbii vasitələrlə müalicə müəssisələrinin də sayı artmaqdadır. Həmin müəssisələr sırasında nadir xüsusiyyətləri ilə seçilən Naftalan İstirahət və Sağlamlıq Mərkəzini və Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzini xüsusi qeyd etmək lazımdır.
Naftalan nefti
Qeyd edilib ki, 130 nəfərlik Naftalan İstirahət və Sağlamlıq Mərkəzi iki korpusdan ibarətdir. Burada 1, 2, 3 nəfərlik rahat otaqlar, müasir müalicə və müayinə kabinetləri, Naftalan nefti və yodlu-bromlu su vannaları, trenajor və müalicə idmanı otaqları, fizioterapiya, funksional diaqnostika kabinetləri, klinik-diaqnostik laboratoriya, biokimyəvi laboratoriya fəaliyyət göstərir. Nadir xüsusiyyətləri olan Naftalan nefti70-dən çox xəstəliyin uğurla müalicəsinə imkan yaradır. Burada sümük-əzələ sistemi xəstəlikləri, periferik sinir və damar, dəri və ginekoloji xəstəliklər müalicə olunur. Hazırda ən müasir tələblərə cavab verən mərkəzdə xəstələr gündə 3 dəfə yeməklə təmin olunur, onlara 67 tibb işçisi xidmət göstərir. Bundan əlavə, istirahət günləri yaxınlıqda yerləşən Gəncə, Şəki və Mingəçevir şəhərlərinə, Hacıkəndə və Göygölə səyahətlər təşkil edilir. Yaponiyada Naftalan neftinin nadir müalicə xüsusiyyətləri barədə çoxdan məlumatlı olduqları, hələ I Dünya müharibəsi zamanı yapon əsgərlərin üzərlərində gəzdirdikləri tibbi çantada xüsusi qabda Naftalan neftinin də olduğu xatırladılıb. Vurğulanıb ki, bu gün də Yaponiyada Naftalan neftinin müalicəvi xüsusiyyətləri barədə kifayət qədər məlumatlıdırlar.
Duzdağ
Seminarda Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, yaşı min illərlə olan “Duzdağ” mağarası Azərbaycanın ayrılmaz hissəsi, qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvan diyarının rəmzlərindən biridir. Doxsan milyon ton təbii sərvətə malik olan bu dağ yalnız şəffaf və təmiz duzu ilə deyil, həmçinin müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Bu qədim Azərbaycan torpağında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında aparılan böyük abadlıq və quruculuq işləri nadir səhiyyə mərkəzini də əhatə edib. Digər səhiyyə ocaqları kimi, bu səhiyyə müəssisəsi də əsaslı şəkildə yenidən qurularaq insanların istifadəsinə verilib.
Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən 2-3 həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar.
Mərkəz dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Xəstəxana yerüstü və yeraltı hissələrdən ibarətdir. Speleoxəstəxananın yeraltı hissəsi 110 metr dərinlikdə yerləşir, 5 qalereya və 47 palatadan ibarətdir. “Duzdağ” müalicə mərkəzi öz potensial imkanları ilə Azərbaycan Respublikası səhiyyəsində unikal müalicə və reabilitasiya mərkəzi sayılır.
Seminarda yapon iş adamlarının bu tibb müəssisləri ilə bağlı sualları ətraflı cavablandırılıb.