Turistlər fərqli olur, turist cəlb edən ölkə heç də həmişə yalnız mədəni və adekvat turistlərin gəlməyəcəyi riskini anlamalıdır. Bizim ölkə də burada istisna deyil.
Son zamanlar bəzi ərəb turistlərin davranışları ilə bağlı etirazları şərh edən Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov deyib.
“Dünyanın heç bir yerində turistlərdən özlərini bu və ya başqa ölkəni ziyarət edəcəkləri zaman yaxşı aparacaqlarına dair iltizamnamə alınmır. Belə praktika mövcud deyil. Əgər biz turistlərin cəlbində maraqlıyıqsa, nəticələrə də hazır olmalıyıq. Turist istirahət üçün gəlir. O, bir qədər ayıq vəziyyətdə olmaya bilər, yersiz zarafat edə bilər və s. Əgər hər hadisəyə xüsusi diqqət yetirsək, o zaman turistlərdən imtina etməyimiz gərəkəcək. Təsəvvür edin ki, yalnız turistlərdən nə qədər insan gəlir əldə edir”.
N.Bağırov ölkəyə gələn turistlərlə yerli əhali arasında müəyyən fikir ayrılığının ola biləcəyini və bunun çox normal hal olduğunu deyib:
“Məsələn, ərəblərin davranışında bizim düşüncə tərzimizlə uyğunlaşmayan çox şey var. Neyləməliyik, onlar bizim qonaqlarımızdır. Bəzi məsələləri şişirtmək olmaz. Hər birimiz Türkiyə kurortlarında fərqli ölkələrdən olan turistlərin necə dalaşdığına dair videoçarxlar görmüşük. Buna rəğmən Türkiyədə turizm bu günə qədər ölkə büdcəsi üçün ən gəlirli sahədir”.