Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn əcnəbilərin əksəriyyəti Rusiya, Gürcüstan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan vətəndaşları olub.
2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən ölkəmizə gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, sözügedən ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər təşkil edib.
“Report” bu artımın növbəti illərdə də nə dərəcədə davamlı olacağı, zamanda Azərbaycana Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayını artırmaq üçün hansı addımların atılmalı olduğu və bu istiqamətdə hansı işlərin görüldüyü ilə bağlı mütəxəssislərin fikrilərini öyrənib.
Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə “Report”a verdiyi açıqlamada bildirib ki, Avropa bazarı Azərbaycana turist cəlb etmək yolunda prioritet istiqamətlərdən biridir: “Bu il Azərbaycana Böyük Britaniyadan gələnlərin sayında 23,5%, Almaniyadan gələnlərin sayında 21,4%, İtaliyadan gələnlərin sayında 12,6%, Fransadan gələnlərin sayında 14,7%, Polşadan gələnlərin sayında 32,7% artım müşahidə edilib. Bu ölkələrlə yanaşı, Niderlanddan gələnlərin sayı 5,3%, İsveçrədən gələnlərin sayı 23%, Macarıstandan gələnlərin sayı 31,6%, Latviyadan gələnlərin sayı isə 5,1% artıb. Lakin sadaladığım ilk 5 ölkə hazırda Azərbaycan üçün prioritet bazarlar rolunu oynayır. Ona görə də həmin ölkələrdə gücləndirilmiş təbliğat işləri aparılır. Bu məqsədlə Almaniyada Azərbaycanın rəsmi turizm numayəndəliyi açılıb. Bu cür nümayəndəliyin digər Avropa ölkələrində də açılması nəzərdə tutulub”.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə
“Əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır“.
Onun sözlərinə görə, aparılan təbliğat işlərinə misal olaraq infoturların, mediaturların təşkilini, sosial şəbəkələrdəki fəaliyyəti, media vasitəsilə həyata keçirilən işlərimizi, müxtəlif sərgilərdə iştirakımızı göstərə bilərik: “Bütün bu işlərin nəticəsində həmin ölkələrdən gələn turist sayının artdığını görürük. Bizim biri Moskvada, biri isə Dubayda olmaqla iki media habımız var ki, bunlardan birincisi Avropa ölkələri ilə, ikincisi isə Asiya ölkələri ilə işləyir. Ümumilikdə, əsas hədəfimiz Avropa və Asiya bazarlarıdır. Hələ ki, Latın Amerikası və digər bazarlar bizim üçün başlıca istiqamət deyil. Bu iki hab vasitəsilə biz mediada lazımi işlər həyata keçiririk. Hökümətlərarası tədbirlər təşkil edir, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq edirik. Tez-tez bu təşkilatın nümayəndələri ilə həm ölkəmizdə, həm də xaricdə görüşlərimiz olur. Azərbaycanda keçirilən müxtəlif idman yarışlarının, elmi konfransların, işgüzar görüşlərin də təbliğatını aparmaq fəaliyyətimizin əsas prinsiplərindəndir. Bütün bu işlər üçün eyni zamanda Avropa ölkələrindən oradakı bazara yaxşı bələd olan mütəxəssislər də cəlb etmişik”.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə bu il Avropa ölkələrindən gələnlərin sayının artmasının əsas səbəbinin ölkəmizdə keçirilən idman yarışlarının olduğunu deyib: “Statistikaya baxsaq, artımın, əsasən, may ayının sonu və iyun ayınını əvvəllərində olduğunu görəcəyik. Avropalı turistlərin sayının artırılması üçün həm dövlət, həm də özəl qurumlar səylərini əsirgəməməlidir. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Bunlardan biri də hər il müxtəlif sərgilərdə iştirakımızdır. Bu sərgilərdən üçü bizim üçün daha önəmlidir. Bunlardan biri İTB Berlin sərgisi, biri Madriddə keçirilən “Fitur” sərgisi, digəri isə Londonda keçirilən “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisidir. Biz hər il bu sərgilərdə böyük heyətlə iştirak edirik”.
