Narahat olmayın sizə turist və səyyahın tərifini söyləməyəcəyik, sadəcə turist yoxsa səyyah kimi istirahətin üstünlüyünü müqayisə etməyə çalışacağıq. Turizm – heç bir fəaliyyətlə məşğul olmadan qonaq kimi 24 saatdan 6 aya qədər başqa ölkəyə getməyi nəzərdə tutur. Belə qısamüddətli səyahət edən insanlara turist deyilir. Turizmin əsas məqsədi əylənmək, istirahət etmək və informasiya əldə etməkdir.
İkinci ən mühüm məqsədi isə müalicə, sağlamlıq, professional və işgüzar səfər, həmçinin yaxınlarını ziyarət etmək və s.-dir. Səyahət isə hansısa bir ərazini, ekvatoru müxtəlif məqsədlə öyrənmək üçün edilən səfərdir. Əgər siz yarpağın ağacdan necə düşdüyünü müşahidə edəcəksinizsə adi meşədə gəzinti də səyahət sayıla bilər. Məqsədinizdən aslı olmayaraq getdiyiniz yerdə nəyisə öyrənməyə, dərketməyə çalışırsınıza bu səyahət adlanır. Bir sözlə turizm pulla edilən səfərdir, səyahət isə çox az pula, hətta pulsuzda baş tuta bilər.
Əgər səfər zamanı otelinizin ulduz sayına əhəmiyyət verirsinizsə siz turistsiniz. Bir səyyah isə otelin keyfiyyətinə əhəmiyyət vermir. Daha çox kəşf edə biləcəyi uyğun büdcəli yerlərdə qalmağı, hətta əlverişli bir bölgədə çadır qurmağı seçir.
Qrupla səyahət etməyi seçirsinizsə siz turistsiniz. Çünki səyyahlar sıxlıq olan yerlərdən qaçar, təkliyi seçərlər. Heç kimə bağlı olmadan gəzə bilmək bir səyyahın ruhunda var.
Selfi çubuğunuzla getdiyiniz yerlərdə özünüzü çəkməyi xoşlayırsınızsa siz turistsiniz. Səyyah öz fotoşəkillərini çəkməkdənsə təbiəti və gördüyü xüsusi yerləri çəkməyi seçir.
Turistlə səyahətçi arasında əsas fərqlərdən biri də turistin hər zaman tələsməsidir. Turist hər şeyi görmək üçün tələsir. Nəticədə hər şey yarımçıq qalır. Heç nədən tam zövq ala bilmir. Səyyah isə gördüyü bir abidəni tam dolaşır. Oranın tarixini yaşayır. Həmin tarixi qəsrdə nəfəs alaraq, orada baş verən hadisələrin ruhunu duyur. Turist isə tələsir ki, birdən avtobusa çatmaz.
Fərqi yoxdur ki, siz təcrübəli səyyahsınız, yoxsa sadə turist və ya əsl “Magellan”. Əsas odur ki, səyahət edəsiniz. Möcüzələrlə dolu, çox heyrətamiz bir planetdə yaşayırıq. Onların hamısını görmək üçün bir ömür yetməz, heç olmasa, görə biləcəyiniz qədər gəzin və baxın.