Muzey və əyləncə şəhəri – Praqa
PRAQADA ƏYLƏNDİRƏRƏK PUL QAZANANLAR
Kimi dəmirdən müxtəlif fiqurlar düzəldir, kimi sabun köpüyündən hazırladığı balonları uçurur, kimi oxuyur-oynayır, kimi də donuz qızardır. Hamısı da küçənin düz ortasında… Bəziləri üzlərini boyayıb insanları güldürərək pul qazanır, bəzilərininsə yöntəmi fərqlidir, onlar bürünc və ya qızılı rənglərə boyanıb küçənin müxtəlif yerlərində hərəkətsiz dayanıblar. İlk baxışdan heykəl bilirsən, ancaq yaxınlaşıb gözlərinin içindəki qızartıları görəndə anlayırsan ki, səhərdən eyni nöqtəyə zilləndiyi üçün yorulub bu gözlər…
PRAQA AVROPANIN CANLI MUZEYİDİR
“Qızıl şəhər”, “Şəhərlərin anası”, “Avropanın canlı muzeyi”, “Avropanın ürəyi” – hərə bir ad qoyub Praqaya. Turistlərin, səyyahların qeydlərində ikinci dəfə də gəlmək istədikləri şəhər kimi anılır. İnsanları, küçələri, ümumilikdə şəhər ab-havası ilə adamı heyran qoyur. Adicə götürək küçələrini, insanlar burada həm pul qazanır, həm əylənir, həm də əyləndirirlər. Praqa belə bir şəhərdir. Bir qəpik xərclətmədən səni tamaşaçıya çevirir. Bir də ayılırsan ki, saatlar keçib, istədiyin qədər deyib-gülüb, əylənmisən. Üstəlik, təsəvvür etməyəcəyin qədər sənət əsərləri ilə tanış olmusan. Təbii, nə biletə pul vermisən, nə də muzeyə.
Çoxu Praqanı canlı muzey adlandırır. Burada muzeyə pul xərcləməyi artıq məsrəf hesab edirlər. Çünki küçələri, körpüləri, meydanları, binaları canlı muzeylərdir. Küçələrdə gəzərkən muzeylərdə görə bilməyəcəyin qədər sənət əsəri, müxtəlif tikililər görür, Praqanın tarixi ilə tanış olursan.
PRAQA ŞƏHƏRİ – KEÇMİŞDƏN İNDİYƏNƏ
Praqa şəhər olaraq 10 hissəyə ayrılıb. Hradcany (Qala bölgəsi), Mala Strana (Kiçik məhəllə), Stare Mesto (Köhnə şəhər) ve Nove Mesto (Yeni Şəhər). Bura o qədər turist gəlir ki, bəzən gəzərkən adam sıxlığından çətinlik çəkirsən.
Praqanın ən köhnə hissəsi sayılan Praqa qalasının tikintisinə 9-cu yüzillikdə başlanığı deyilir. Əvvəl balaca olsa da, sonradan ərazidə əlavə tikililər inşa olunub. Nəticədə, ərazi böyük bir şəhərciyə çevrilib. Qalanın ərazisində 14-cü əsrə qədər saray, kilsə, monastır olub. 1541-ci ildə burada yanğın baş verib. Tikililərin əksəriyyəti yanıb, yararsız vəziyyətə düşüb. Sonradan yenilənən qala ərazisi Avstriya-Macarıstan İmperatorluğunun mərkəzinə çevrilib. 17-ci əsrdə imperatorluğun paytaxtı başqa yerə köçürüləndən sonra qala da əhəmiyyətini itirib. Ancaq bu gün turistlərin ən çox getdiyi məkanlardan biri də məhz qala ərazisidir.
PRAQADA NƏLƏRİ GÖRMƏK OLAR?
Mərkəzi meydanlardan birində şəhər əhalisinin saatbaşı yanına toplaşdığı astronomik saat var. Böyük bir tarixi binanın üstündə yerləşən bu saat haqqında müxtəlif hekayələr danışırlar. Onlardan biri də belədir:Deyilənə görə, keçmişdə Praqada bir memar yaşayırmış. Bir gün həmin memar şahdan Praqanın mərkəzindəki binalardan birinin üzərində dünyanın heç bir yerində olmayan astronomik saat inşa edəcəyi ilə bağlı icazə istəyir. Şah icazə verir. Memar saatı inşa edir. Sonradan bu saat o qədər məşhurlaşır ki, dünyanın müxtəlif ölkələrindən onu görməyə gələnlərin sayı artır. Memara həmin saatın eynisini onların ölkələrində düzəltməyi təklif edənlər də olur. Bu təkliflərdən narahat olan şah həmin memarın gözlərini çıxartdırır ki, bu saatın bənzəri heç yerdə olmasın. Memar da şahdan qisas almaq üçün özünü saatın mexanizminin içinə atıb intihar edir. Beləcə, həm kor yaşamaqdan qurtulur, həm də saatın müxanizmini xarab etməklə şahdan qisas almış olur.
Praqalılar bu saatın əsrlərcə işləmədiyini, sonradan başqa bir memarın onu təmir etdiyini deyirlər. Saatbaşı astronomik saat meydanda səhnəcik nümayiş etdirir. Əvvəlcə xoruz banlayır, sonradan saatın pəncərəsi açılır və ordan müxtəlif bir-birinə oxşamayan başlar çıxır sıra ilə. Bir dəqiqə sonra isə şou bitir və saat tamam olur. İllərdir sürən bu səhnəcikdən heç kim bezmir. Həmin vaxt buradan keçənlər mütləq ayaq saxlayıb bu tamaşaya baxırlar. Hər saatbaşı meydan dolub-daşır. Bir sözlə, bu səhnəcik heç vaxt tamaşaçısız qalmır.
KARL KÖRPÜSÜ – MÜTLƏQ GEDİB GÖRMƏK LAZIM
Praqanın körpüləri də məşhurdur. Şəhər iki hissəyə ayrılır. Və bu hissələri ortadan birləşdirən körpülərdir. Onlardan ən məşhuru və köhnəsi Karl körpüsüdür. Vltava çayını ayırdığı iki hissəni birləşdirən və dünyanın ən məşhur körpülərindən biridir. Körpünün üstü günün hər saatında turistlərlə dolu olur. Körpünü ancaq yeriməklə keçmək mümkündür. Ancaq bu müddətdə də darıxmırsan. Burada bir-birindən fərqli heykəllər, fiqurlar var. Şəhərlə bağlı müxtəlif suvenirlər satılır. Üstəlik karikaturaçılarda fəaliyyət göstərir. İstəyirsənsə, 15 dəqiqəyə şəkliniçəkə bilərlər. Qiyməti isə təxminən 20 avrodur.
Şəhərin mərkəzindən Vltava çayı keçir. Çay Praqanı 2 yerə ayırıb. Praqa qalası və ona yaxın Mala Strana adlandırılan kiçik məhəlləni Karl körpüsü mərkəzə bağlayır. Praq qalası, Karl körpüsü, Frans Kafka muzeyi, katedral, saat meydanı – mütləq görmək lazımdır. Əgər vaxtınız varsa, şəhərdən 1-1,5 saatlıq uzaqlıqda olan Karlova Varini də gedib görmək olar.
PRAQA MƏTBƏXİ DADLIDIR
Necə ki, Almaniya, Hollandiya, eləcə də Praqa da pivələri ilə məşhurdur. Restoranlarda çex pivəsinin dadına baxa bilərsiniz. Bundan əlavə, müxtəlif souslarla dadlandırılmış ət yeməkləri də mükəmməldir. Şəhərdə maraqlı pivəxanalar, milli restoranlar var. Sizi əmin edirik ki, Praqaya getsəniz, ac qalmayacaqsınız. Müxtəlif bitki, kartof, ət yeməkləri ağız dadımıza uyğundur. Xüsusən də mərkəzdə, bir neçə pilləkan aşağıda yerləşən restoranlar həm dad, həm də çex musiqisi dinləmək baxımından idealdır.
Praqaya hansı ruh halı ilə gedirsən get, fərqi yoxdur. Mütləq ordan yüksək əhval-ruhiyyədə qayıdacaqsan. Şəhərdə hüzur var. Kafelərdə, kofe evlərində sakitlik hökm sürür. İnsanların ruh halı yüksək, qışqır-bağır, səs-küy yox. Bu şəhəri gəzməyə 4 gün yetərlidir. Hələ yerlilərin dediyinə görə, şəhər kənarında da görüləsi yerlər var. Hər axşam mütləq köhnə muzey binalarında konsertlər təşkil olunur. Cəmi 10-15 avro ödəməklə Motzart, Bethoven, Bax, Şubert, Şopen kimi klassik bəstəkarların əsərlərini dinləyə bilərsiniz. Özü də təmtəraqlı, hər kəsin belini dik tutub oturacağı kreslolarda yox, pilləkanlarda, xalçaların üstündə, ayağını-ayağının üzərinə uzadaraq…