Ev Turizm Xəbərləri Turistlərin Azərbaycana saxta dollar partiyaları gətirmək təhlükəsi getdikcə artır

Turistlərin Azərbaycana saxta dollar partiyaları gətirmək təhlükəsi getdikcə artır

Azərbaycan

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Yaradılan iqtisadi sektor özünü yeni iş yerlərinin açılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulması ilə göstərir. Görülən işlər sayəsində son illər ölkəmizə gələn turistlərin sayı günü-gündən artır. Xüsusilə ərəb ölkələrindən ölkəmizə səfər edənlərin sayında artım qeydə alınır. Təbii ki, turist sayının artması ölkə iqtisadiyyatına müsbət təsir edir. Həm ölkəyə daxil olan xarici kapitalın həcmi artır, həm də ölkəmiz beynəlxalq aləmdə tanınır.

Qeyd etdiyimiz kimi, turistlərin ölkəmizə marağı artır. Bəzi hallarda turistlər ölkəmizə xeyir deyil, problem də gətirirlər. Məlumatlara görə, ölkəmizə gələn turistlər arasında saxta dollar gətirənlər də var.

Bu haqda sosial şəbəkə istifadəçisi Aysel Ələkbərzadə öz “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, son iki gün ərzində təkcə bir banka 4 dəfə saxta dollar gətirilib. Amma bu pullarla gələnlərin heç biri əcnəbi deyil: “Məsələ ondadır ki, ölkəyə saxta əskinas gətirən əcnəbilər bunları əsasən taksi sürücülərinə, yolüstü restoranlara, iaşə obyektlərinin işçilərinə, dolayısı ilə sadə adamlara verirlər. Həmin məqamlarda əskinasın keyfiyyətini yoxlamaq mümkün deyil. İş ortaya sadə adamlar pulu manata dəyişmək istəyəndə üzə çıxır”.

Aysel Ələkbərzadə qeyd edir ki, belə əskinaslardan biri ona da verilib: “Sonradan saxta 100-lük dolları banka təhvil verdim”.

Vətəndaşlar aldanmamaq üçün turistlərdən ödənişi dollarla deyil, milli valyutada etmələrini tələb etsinlər

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün əksər dünya ölkəsində turistlər tərəfindən gətirilən saxta pullarla bağlı problem yaşanır: “Ölkə qanunvericiliyinə əsasən, hər hansı bir xidmətə görə ödəniş xarici valyuta ilə qəbul oluna bilməz. Hətta buna görə qanunvericilikdə cəza da nəzərdə tutulub. Taksi sürücüləri, iş adamları, iaşə obyekləri bilməlidirlər ki, xarici vətəndaş öz valyutasında və ya dollarla ödəniş etmək istəyirsə, bu hal gerçəkləşə bilməz. Bunun üçün yerli vətəndaşlar istənilən banka müraciət edib, həmin valyutanı manata çevirə bilərlər. Bankların hər birində valyutanın saxta olub-olmadığını müəyyən edən xüsusi aparat var. Beləliklə, vətəndaşlar aldanmamaq üçün xaricilərin ödəniş etmək istədikləri valyutanı banka təhvil verməklə valyutanı çevirə bilərlər. Onu da bildirim ki, bu gün bankların, demək olar ki, hamısı 24 saat fəaliyyət göstərir. Bu səbəbdən də vətəndaşlar vaxt problemini düşünmədən istənilən an banka yaxınlaşa bilərlər”.

Həmsöhbətimiz qəzetimiz vasitəsilə ictimaiyyətə müraciət etdi ki, vətəndaşlar aldanmamaq üçün turistlərdən ödənişi dollarla deyil, milli valyutada etmələrini tələb etsinlər. Əgər onlar milli valyuta olmadığını deyərsə, o zamanı həmin turistlə birgə istənilən banka yaxınlaşıb valyutanı manata çevirə bilərlər. Belə olarsa, dövriyyəyə saxta pul daxil olmaz.