Ev Turizm Xəbərləri Turistlər, meyvə bağları, Lahıc – İSMAYILLIDA ƏMLAK NEÇƏYƏDİR?

Turistlər, meyvə bağları, Lahıc – İSMAYILLIDA ƏMLAK NEÇƏYƏDİR?

İsmayıllı

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonu indi də insanların daha çox üz tutduğu yerlərdəndir. Ölkənin şimal-mərkəz hissəsində yerləşən rayon öz füsunkar təbiəti ilə hamını cəlb edir. Rayonun əsas turistik mərkəzlərindən olan Lahıc dünyada öz misgərliyi ilə şan şöhrət qazanıb. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. FED.az təbii gözəlliyi, turimz imkanları və kənd təsərrüfatı imkanları ilə məşhur olan İsmayıllının daşınmaz əmlak bazarını təqdim edir.

İstirahət və meyvəçilik bölgəsi

Bol günəş energisi alan İsmayıllı rayonunda meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılıb. İqlim ehtiyatlarının kurort və istirahət məqsədləri üçün də istifadə edilməsi imkanları böyükdür. Son dərəcə mənzərəli olan meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca səfalı yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort- istirahət bölgəsi kimi istifadə edilməsinə böyük imkanlar açır. Buna görə də bu ərazidə daşınmaz əmlak alqı-satqısı əsasən yaz-yay mövsümündə dirçəlir.

Turistlər əmak bazarını dəyişib

İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər – İsmayıllı, ikisi şəhər tipli qəsəbə – Lahıc, Basqal, yüz altısı isə yaşayış məntəqələridir. Dağlarla əhatələnmiş, gur çaylarlariyla zəngin olan rayonun paytaxt Bakıya yaxınlığı (2 saatlıq məsafədir) onun perspektivini daha da artırır. İlin demək olar ki, 3 fəslində bu bölgəyə istirahət üçün gələnlərin sayı ilbəil artır. Bu isə kənd evlərinin kirayə verilməsi, həmçinin alqı-satqı prosesinə müsbət təsir göstərir. Lakin gələnlərn əksəriyyəti xarici turstlərdən çox yerli insanlardır. Əcnəbilər bir qayda olaraq İsmayıllının zəngin tarixi olan Lahıc, Buynuz, Xanəgah, Talıstan, Cülyan, Basqal kimi qəsəbələrə daha çox gəlirlər. Bu kəndlərdə evlərin günlük kirayə qiyməti 50 manatdan başlayır. Həmin məbləğə 4 nəfərin rahat qala biləcəyi 2 otaqlı ev götürmək olar. Evin içərisində yataq dəstləri, televizor, digər mebellər, mətbəxdə lazımi avadanlıqlar, sanitar qovşaqlar yerləşdirilib.

İsmayıllı-Qəbələ yolü üzərində yerləşən ərazilər əcnəbilər üçün daha cəlbedicidir. Bu, həm də infrastrukturun əlverişli olmaması, yolların xarici tursitlərn tələblərinə cavab verməməsi ilə bağlıdır.

Gəlirli sahə – MEYVƏ BAĞLARI

İsmayıllıda daşınmaz əmlak sahibi olmaq həm də əlverişli biznes qurmaq deməkdir. Burada torpaq alqı-satqısında ən əlverişli biznes bağların alınmasıdır. Bu zona alma, fınqıd bağlarıyla məşhurdur. Topcu kəndində satışa çıxarlan 6 hektar torpaq sahəsini almaqla həm evə, həm də biznesə sahib olmaq imkanı yaranır. Ərazinin qiyməti cəmi 60 min manata təklif edilir. Bu halda torpağın bir sotu da 100 manata düşür. Ərazinin 3 hektarında findiq bağıdır. Bağlardakı ağaclar 8 ildir bar verir. 1 ha sahədə fındıq bağından ildə alınan məhsul ortalama 3 tona yaxındır. Bakı səhərində həyət evi ilə də barter olunur.

Torpaq sahələri – hektarı 400-900 manatdan başlayır

İsmayıllıda torpaqlar bahalaşıb. 3-4 il əvvəl 1 hektarı 500-600 manata təklif olunan torpaq sahələrini indi həmin qiymətə tapmaq çətindir. 400-900 manat arası təklif olunan sahələr isə hələ də qalmaqdadır. Pay torpaqlardan artıq müxtəlif təsərrüfatlar yaradılıb. Bununla belə 2 min 500 manata İsmayilli rayon Topçu kəndində 8 sot həyətyanı sahə almaq mümkündür. Ərazidə su, qaz, işıq var, yanından yol keçir, həyətdə meyvə ağacları da var. Qəbələ-Bakı avtomagistral yolunun 10 dəqiqəlik məsafəsində yerləşən sahənin çatışmayan yeganə cəhəti bələdiyyə sənəd ilə olmasıdır.

Bağ salmaq, əkin əkmək üçün hər cür şəraiti olan 400 sot əkin sahəsini isə İsmayıllıda 17 200 manata almaq olar. Ərazi şosse yolunun yaxınlığındadır. Üzüm bağı, badam bağı ilə qonşu olması ərazidə bu meyvə və çərəzin əkilməsi ideyasını diqtə edir. Digər tərəfdən əkin sahəsi olaraq noxud və yonca da əkmək mümkündür. 230 sot torpağı 200 min manata təklif edənlər isə onun istirahət zonasına yararlı olduğunu düşünürlər. Yol kənarında yerləşən bu ərazidə daimi olaraq su, elektrik enerjisi var. Yola nəzarət edən aidiyyatı qurumun icazə sənədi olan ərazi dekorativ ağaclarla bəzədilib.

Lahıcda da torpaq alıb ev tikmək olar

Turistlərin böyük rəğbətini qazanan Lahıc qəsəbəsində ekoloji təmiz mənzərəli ərazidə, meşə ilə üzbəüz, Lahıc su anbarının yanında, hər növ istifadə üçün sotu 1300 manatdan torpaq sahəsi satışa çıxarılıb. Bütöv sahə 12 sotdur. Satıcı ərazini tam alacaq adama qiymətdə endirim də təklif edir. 12 sot bütöv olmaqla hamısı alınsa, 15 000 manatdan satıla bilər. Ərazidə elektrik,telefon xətləri mövcuddur. Ərazi dəmir torla çəpərə alınıb. Həyətdə meyvə ağacları – qoz, fındıq, armud, çaytikanı,böyürtkən kolları və s. var. Çıxarışı var.

Kirayə evlər – turistlər və …ərəblər üçün

İsmayıllının dörd bir yanı dağ, meşə, cay və çəməndir. Təbiətə baxıb zövqlə istirahət etmək istəyənlər üçün hər şəraiti və təchizatı olan yüksək şəraitli evlər əlçatan qiymətə təklif olunur. İsmayıllıda əmlaklar, turizm üçün cəlbedici olan kənd evləri digər regionlarla müqayisədə ucuzdur. Əmlakçının bildirdiyinə görə, ən ucuz və sahibi ilə birlikdə təklif edilən kirayə evlərin qiyməti bir gecə üçün 30 manatdan başlayır. Sahibi olmadan evlərin qiyməti isə 40-50 manata təklif edilir. Ev alqı-satqısı, kirayəsi ilə bağlı internet resurslarında İsmayıllı rayonu kirayə kənd evləri elanlarıyla bağlı 2-ci yerdə qərar tutub.

Villa kirayəsi 100 manatdan başlayır

Villaların günlük kirayə qiyməti bir qayda olaraq 100 manatdan start götürür. Burda həmin villanın yerləşdiyi kəndin ərazisi də rol oynayır. Məsələn, Küpüc dagının ətəyində, təbiət qoynunda Qəbələ yolunun üstündə yerləşən əla təmirli 4 otaqlı evdə 10-12 nəfər qonaq rahat yerləşə bilər. Evdə WIFI internet və hər cür məişət əşyaları da var. Şəraiti isə ən müasir standartlara cavab verir. Evdən 200 metr aralıda hündür şəlalə, Ağarçay və iri göl də var. Bu cür evin bir gecəlik kirayə haqqı cəmi 160 manatdır.

Villaların həyətində də istirahət üçün məkanlar qurulub. Burda qalmağa üstünlük verən şəxslərə manqaldan tutmuş samovaradək, həmçinin çimmək üçün hovuz və meyvə bağları təklif edilir. Həyətdə hovuzu olan evlərin qiyməti 1 gün üçün 200-300 manat arasında dəyişir. Həmin villaların sahəsi də daha geniş olur və bəzən 3-4 ailə də qala bilər. Qeyd edək ki, bu cür villalar son dövrlər daha çox ərəbləri cəlb edir. Onlar bu cür villaları bir neçə ailə olmaqla kirayələyirlər.

Yerli sakinlər mərkəzdəki evləri kirayələyir

Rayon mərkəzində kirayə evlərə tələb əsas turist kəndlərinə nisbətən xeyli aşağıdır. Burada həyət evlərinin 1 gün üçün kirayəsi 40 manatdan başlayır. Bu qiymətə 2 otaqlı yaxşı təmirli və işərisində əşyaları olan evlər kirayələmək olar. Sahəsi böyük olan evlərin qiyməti isə 60-70 manat arasında dəyişir. Rayonda 2 mərtəbəli evlərin günlük kirayəsi 80 manata başa gəlir.

Kirayə üçün bina evlərinin seçilməsinə çox az hallarda təsadüf olunur. İsmayıllıda bina evlərini əsasən yerli sakinlər uzun müddət yaşamaq üçün kirayələyirlər. 2 otaqlı evin bir aylıq kirayə haqqı 150 manatdan başlayır. 3-4 otaqlı evlər isə aylıq 200-250 manata verilir. Bu qiymətə yüksək səviyyəli təmiri və əşyaları ilə birgə təklif edilən evləri kirayələmək mümkündür.

Kommersiya obyektləri

Obyekt alqı-satqısında isə durğunluq müşahidə olunur. Əmlak satışı ilə məşğul olan Asim Nəzərovun bildirdiyinə görə, yol kənarındakı obyektlər 50-60 min manatdan başlayaraq təklif olunur. Qiymətin artımında ərazinin sahəsi, yerləşdiyi yer və içindəki tikilinin kvadrat metri rol oynayır. İsmayıllının mərkəzində obyektlərin satış qiymətləri digər ərazilərə nisbətən baha olur – 1 kvadratmetri 1000 manatdan başlayır. Ticarət mərkəzlərinə və əsas yola yaxın olan ərazilərdə bu qiymət 1500-2000 manat arasında dəyişir.

Bina evləri – 25-30 min manatdan başlayır

İsmayıllıda bina evlərinin qiyməti elə də ucuz deyil. Əsas mərkəz ərazi sayılan Heydər Əliyev prospektində 1 otaqlı evlərin qiyməti 25-30 min manat arasındadır. Qeyd edək ki, bir müddət əvvəl bu qiymət 30-35 minə təklif edilirdi. 2 otaqlılar 35-40 min manat, 3 otaqlı evlərin qiyməti isə 50 mindən yuxarıdır. Evlərin alıcıları isə daha çox yerli sakinlərdir. Başqa yerlərdən gedib İsmayıllıda ev alanların sayı çox azdır.

Yeni tikililərdə isə mənzilin 1 kv metri 500-600 manatdan başlayır. Bina evlərinin satışı çox zəifdir. Bu da başadüşüləndır – elə təbiəti olan rayonda kim həyət evini qoyub binada yaşamaq istəyər ki?

20-30 min manata da ev almaq olar

Həyət evlərinin satış qiyməti isə rayon mərkəzində 70-90 min manat arasında dəyişir. Qiymət fərqi evin ətrafındakı həyətyanı torpağın sahəsindən və yerindən asılı olaraq dəyişir. Mərkəzdən kənarda evlərin satış qiyməti 55-65 min manatdır. Kənddə isə 20-30 min manata da ev almaq olar. İsmayıllıda çox nadir hallarda sakinlər evlərini satırlar. Ona görə də əmlak bazarı bu bölgədə xüsusi aktiv deyil. Pay torpaqları satılıb tükənib, yeni təkliflər azalıb, kənd evlərinin qiymətinin aşağı olması isə onun ümumiyyətlə satılmaması qərarını möhkəmləndrib. Yalniz turistik zonalarda həyət evlərini 60 min manatdan başlayan qiymətlərə almaq olar. Villaların satış qiyməti isə orta hesabla 80 -120 min manat arasında dəyişir.